ADY nümayəndə heyəti Çində rəsmi səfərdə olub

ADY nümayəndə heyəti Çində rəsmi səfərdə olub
# 22 may 2024 15:07 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) nümayəndə heyəti 20-22 may tarixlərində Çin Xalq Respublikasında rəsmi səfərdə olub.

Bu barədə"APA-Economics"ə ADY-dən bildirilib.

Üç günlük səfər çərçivəsində "Çin Dəmir Yolları" dövlət korporasiya şirkətinin sədri Liu Jenfanq ilə görüşən Rövşən Rüstəmov çinli həmkarı ilə Orta Dəhlizin genişlənən yükdaşıma imkanlarını müzakirə edib, Azərbaycanın bu istiqamətdə gördüyü mühüm işləri, ADY-nin Şərq-Qərb marşrutu üzrə artmaqda olan yük həcmlərini diqqətə çatdırıb.

Rövşən Rüstəmov çinli həmkarını Azərbaycanın dəmir yolu nəqliyyatı sahəsində icra olunan layihələr, o cümlədən yükdaşıma əməliyyatlarının optimallaşdırılması və rəqəmsallaşdırılması, dəmiryol infrastrukturunun sağlamlaşdırılması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin yükdaşıma imkanlarının artırılması, tranzit yük daşımaları üçün potensialın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumatlandırıb.

ADY nümayəndə heyəti həmçinin “Çin Dəmir Yolları Konteyner Daşımaları” şirkətinin, “Çin Beynəlxalq Dəmiryol Şirkəti”nin, “Sian Azad Ticarət Limanı Tikinti və Əməliyyat” şirkətinin, “Lianyunqyanq Liman Qrupu” şirkətinin rəhbərliyi ilə Şərq-Qərb yük daşımaları və dəmir yolu infrastrukturun müasirləşdirilməsi sahəsində Azərbaycan-Çin əməkdaşlığının gücləndirilməsi ilə bağlı geniş müzakirələr aparıb.

Qeyd edək ki, ilin əvvəlindən Sian Limanından göndərilən konteyner blok qatarların Orta Dəhliz üzrə hərəkəti bərpa olunub və may ayında qatarların sayı 60-a çatıb. Cari ilin sonunadək bu dəhlizlə 250-yə yaxın konteyner blok qatarın göndərilməsi planlaşdırılır.

Görüşlər zamanı Orta Dəhliz üzrə konteyner daşımalarının inkişaf etdirilməsi və mövcud olan çətinliklərin aradan qaldırılması üzrə atılacaq birgə addımlar müzakirə olunub. Müzakirələr nəticəsində iyun ayından başlayaraq Sian limanı ilə yanaşı Lianyunqyanq limanından da Bakıya konteyner blok qatarların göndərilməsi barədə razılıq əldə olunub.

Bundan başqa, ADY nümayəndə heyəti Pekin sürət qatarı deposunu və “Çin Dəmir Yolları” dövlət korporasiya şirkətinin əməliyyatları idarəetmə mərkəzini ziyarət edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR