“Binə” ticarət mərkəzində keçirilən aksiyada saxlanılan şəxslərin cinayət işi Baş Prokurorluğa göndərilib

“Binə” ticarət mərkəzində keçirilən aksiyada saxlanılan şəxslərin cinayət işi Baş Prokurorluğa göndərilib
# 14 iyun 2013 10:01 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Yanvarın 19-da “Binə” ticarət mərkəzində keçirilən aksiya zamanı saxlanılan şəxslərin cinayət işi üzrə tanışlıq mərhələsi başa çatıb.

APA-nın məlumatına görə, tərəflər artıq cinayət işinin materialları ilə tanış olublar. Cinayət işi üzrə ittiham aktı təsdiq olunması üçün Baş Prokurorluğa göndərilib. İttiham aktı təsdiq olunduqdan sonra iş baxılmaq üçün məhkəməyə göndəriləcək.

Qeyd edək ki, aksiya ilə bağlı Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsinin birgə yaydığı məlumatda bildirilir ki, yanvarın 19-da «Binə» Ticarət Mərkəzində fəaliyyət göstərən bir qrup sahibkar rəhbərliyin icarə haqqını qaldırmasına etiraz olaraq Bakı-Astara magistralının ticarət mərkəzinin yaxınlığından keçən hissəsini bağlamağa cəhd göstərib və nəqliyyatın hərəkətini iflic ediblər. Xəbərdarlığa məhəl qoymayan aksiya iştirakçıları polis əməkdaşlarına müqavimət göstəriblər və nəticədə, 10 polis müxtəlif dərəcəli bədən xəsarətləri alıb, bir neçə xidməti avtomobilə isə ziyan vurulub.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

Onu da qeyd edək ki, cinayət işi üzrə ibtidai istintaq bir müddət əvvəl yekunlaşıb və tərəflər cinayət işinin materialları ilə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR