İlhamə Quliyevanın köməkçisi məhkəmədə özünü təqsirli bilməyib

İlhamə Quliyevanın köməkçisi məhkəmədə özünü təqsirli bilməyib
# 23 avqust 2016 10:13 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə daha bir vəkil Abdul Bağırov da qoşulub. Vəkil Vasif Mirzəyev bir neçə vəsatətlə çıxış edib. O, prokurorluğa M. Hüseynova haqqında video və audio yazıların təqdim olunmasına etiraz edərək, bildirib ki, bu məlumatların sübut kimi qiymətləndirilməsi yanlışdır və sübutlar siyahısından çıxarılmalıdır.

Vəkilin sözlərinə görə, İlhamə Quliyevanın 2707000 manat dəyərində əmlakının olması haqqında prokurorluğa verdiyi məlumat da araşdırılmayıb. Bu məsələ də ibtidai istintaqda qiymətləndirilməli və bundan sonra cinayət işi üzrə sənədlərə əlavə olunmalıdır.

Vəkil cinayət işi ilə əlaqədar bir neçə nəfərin əlavə şahid qismində dindirilməsini də məhkəmədən xahiş edib.

Vəsatətlər baxılmamış saxlanılıb.

Hakim məhkəmə istintaqının başlandığını elan edib. Prosesdə dövlət ittihamçısı ittiham aktını səsləndirib.

Prosesdə M. Hüseynova ifadə verərək, özünü təqsirli bilmədiyini deyib. O qeyd edib ki, ifadəsini məhkəmənin sonunda verəcək: "Mən həmişə İlhamə Quliyevanı qoruyurdum, onun səhhəti ilə həmişə maraqlanırdım. Onun təzyiqi qalxan kimi təcili yardımı belə mən çağırmışam. Mənə qarşı irəli sürülən ittihamlar əsassızdır. Mən onun əmlakını ələ keçirmək niyyətində olmamışam".

Proses avqustun 30-da davam etdiriləcək.

Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.
İ. Quliyeva bu il fevralın 25-də dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR