DGK: Son üç gündə 475 nəqliyyat vasitəsi Rusiya sərhədini keçib

DGK: Son üç gündə 475 nəqliyyat vasitəsi Rusiya sərhədini keçib
# 14 noyabr 2016 08:24 (UTC +04:00)

Xaçmaz Gömrük İdarəsinin Rusiya ilə sərhəddə yerləşən "Samur" gömrük postunda nəqliyyat vasitələrinin sıxlığı tam aradan qaldırılıb. Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, komitə rəhbərliyinin Rusiyanın Federal Gömrük Xidmətinin rəhbərliyinə rəsmi müraciəti və intensiv danışıqlardan sonra son 3 gündə 475 nəqliyyat vasitəsinin sərhədi keçməsi təmin edilib.

Xatırladaq ki, Rusiya istiqamətində yerləşən sərhəd-keçid məntəqəsinin nəqliyyat vasitələrinin buraxılışını təmin etmək potensialının aşağı olması ilə əlaqədar Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda nəqliyyat vasitələrinin sıxlığı yaranmışdı. Problemin operativ şəkildə həll edilməsi məqsədi ilə noyabrın 11-də DGK rəhbərliyi Rusiyanın Federal Gömrük Xidmətinin rəhbərliyinə rəsmi müraciət edib, eyni zamanda həmin gün sərhəddə hər iki ölkənin gömrük və sərhəd xidmətlərinin nümayəndələri arasında görüş keçirilib.

Noyabrın 12-də isə DGK sədri Aydın Əliyev şəxsən "Samur" gömrük postuna gedərək vəziyyətlə tanış olub.

Noyabrın 13-də isə yenidən Azərbaycan-Rusiya sərhədində Xaçmaz Gömrük İdarəsinin rəhbərliyi ilə Rusiya Federal Gömrük Xidmətinin Dağıstan Gömrük İdarəsinin rəhbərliyi arasında görüş keçirilib. Görüşdə son günlərdə sərhəddə nəqliyyat vasitələrinin sıxlığının yaranmasının səbəbləri və çıxış yolları müzakirə edilib, tərəflər arasında bənzər problemlərə operativ müdaxilə edilməsinə dair protokol imzalanıb.

Qeyd edək ki, bu gün A. Əliyevlə Rusiya Federal Gömrük Xidməti rəhbərinin müavini Ruslan Davıdov arasında telefon danışığı olub. Tərəflər son günlər Azərbaycan-Rusiya sərhədində mövcud vəziyyəti müzakirə edib və komitə sədri iki ölkə sərhədində yaranan nəqliyyat vasitələrinin sıxlığı ilə bağlı problemin operativ şəkildə həllinə görə Rusiya tərəfinə təşəkkürünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR