SOCAR Xəzərdəki yataqlarda ekoloji monitorinqlərə başlayıb

SOCAR Xəzərdəki yataqlarda ekoloji monitorinqlərə başlayıb
# 16 sentyabr 2015 12:56 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR-ın Ekologiya İdarəsi Xəzər dənizinin Azərbaycan sektorundakı dövlət şirkətinə məxsus neft-qaz yataqlarında payız mövsümü ilə əlaqədar ekoloji monitorinqlərə start verib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu məqsədlə cari ilin sentyabr ayında Ekoloji Monitorinq Departamentinin Ekoloji Tədqiqatlar Ekspedisiyası tərəfindən “Neft Daşları”, “Palçıq Pilpiləsi”, “8 Mart” və “Səngəçal-Duvvanı-Xərə-Zirə” yataqlarında “MPK-452” gəmisi vasitəsi ilə ətraf mühitin vəziyyətinin monitorinqi həyata keçirilib. Monitorinqlər zamanı layihə üzrə seçilmiş hər bir stansiyada Niskin tipli batometr vasitəsilə su nümunələri götürülmüş, gəminin laboratoriyasında “Professional Plus” çoxrejimli analitik cihaz vasitəsilə həmin nümunələrdə hidrogen ionlarının qatılığı, oksigenin miqdarı, suyun duzluluğu, elektrik keçiriciliyi və temperaturu təyin olub.

Bundan başqa, bioloji tədqiqatlar üçün dəniz dibindən çöküntülər və bentos nümunələri, eləcə də dəniz suyundan fitoplankton və zooplankton nümunələri götürülüb, qablaşdırılmış və Kompleks Tədqiqatlar Laboratoriyasına təhvil verilib. Monitorinq zamanı stansiyalarda dəniz axınlarının sürət və istiqaməti müasir tipli “3D-ACM-7000” cihazı ilə ölçülüb. Hazırda ekoloji monitorinq işləri digər dəniz yataqlarında da davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR