Nazir: “Dəniz ticarəti sahəsində əməkdaşlıq Azərbaycanla Türkmənistanın inkişafına xidmət edəcək”

Nazir: “Dəniz ticarəti sahəsində əməkdaşlıq Azərbaycanla Türkmənistanın inkişafına xidmət edəcək”
# 04 may 2018 10:13 (UTC +04:00)

Mayın 2-də Türkmənbaşı şəhərində yeni Beynəlxalq Dəniz Limanının açılışı olub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən xəbərə görə, limanın açılış mərasimində və “Böyük İpək yolu – inkişafın yeni mərhələlərinə” beynəlxalq forumunda Azərbaycanı nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov, Azərbaycanın Türkmənistandakı səfiri Həsən Zeynalov təmsil ediblər.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov “Böyük İpək yolu – inkişafın yeni mərhələlərinə doğru” Beynəlxalq Forumunda çıxışı zamanı vurğulayıb ki, dəniz limanı dəniz yolu ilə daşımaların müasir sisteminin formalaşmasının mühüm elementinə çevrilməli, Qara dəniz, Avropa, Yaxın Şərq, Cənubi Asiya və Asiya-Sakit Okean regionu ölkələrinə çıxış üçün maksimim əlverişli şərait yaratmalı, böyük yük axınlarının daşınma məsafəsini və buna sərf edilən vaxtı xeyli azaltmalıdır.

Tədbirdə çıxış edən Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri R. Quluzadə qeyd edib ki, Böyük İpək yolu tarixən dostluq, tərəfdaşlıq, mədəni dəyərlərin mübadiləsi, iqtisadi münasibətlər və ölkələrimizin inkişafı üçün əsas rolunu oynayıb: “Şərq ilə Qərbi birləşdirən əsas marşrutlardan biri olan Azərbaycan bu gün Böyük İpək yolu dəyərlərinə sadiqliyini saxlamaqdadır. Müstəqil Azərbaycanın hərtərəfli inkişafı region ölkələri ilə əməkdaşlığın müxtəlif sahələrində - iqtisadiyyat, ticarət, nəqliyyat, mədəniyyət sahələrində münasibətləri inkişaf etdirməyə imkan yaradır. Türkmənbaşıda bu gün açılan limana Türkmənistanın Böyük İpək yolunun bərpasına töhfəsi kimi baxmaq olar. Nəqliyyat layihələri həmişə inkişafın hərəkətverici qüvvələri olub. Asiyadan Avropaya çox qısa Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu, Fars və Fin körfəzləri sahillərini birləşdirən “Şimal-Cənub” layihələri beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar yaradır. Bildiyiniz kimi, Xəzərin Azərbaycan sahilində Beynəlxalq Dəniz Ticarəti Limanının tikintisi aparılır və azad iqtisadi fəaliyyət üçün mərkəz yaradılır. Bu layihələr bir-birini tamamlayır, dünya nəqliyyat landşaftını dəyişir, Asiya və Avropanın qovuşuğunda yerləşən coğrafi mövqeyimizdən daha səmərəli istifadə etməyə imkan verir. Bu sahədə əməkdaşlıq ölkələrimizin inkişafına xidmət edəcək,” – deyə R. Quluzadə qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR