Tiflisdə Azərbaycan Dövlət Dram Teatrının keçmiş direktorunun anım günü keçirilib

Tiflisdə Azərbaycan Dövlət Dram Teatrının keçmiş direktorunun anım günü keçirilib
# 28 may 2017 15:43 (UTC +04:00)

Bu gün Tiflisdə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində Heydər Əliyev adına Tiflis Azərbaycan Dövlət Dram Teatrının keçmiş direktoru və Tiflis radiosunun diktoru Ələddin Həsənovun anım günü keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri M. Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi Leyla Əliyeva açıb.

Sonra Azərbaycanın Milli Məclisinin üzvü, Azərbaycan-Gürcüstan Parlamentlərarası dostluq Qrupunun rəhbəri, Mətbuat Şurasının sədri Əflatun Amaşov tanınmış diktor və teatrın direktoru Ələddin Həsənovun həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib: “Tiflisdə Azərbaycanın xalq artistləri olan Əli Qurbanov, Mövsün Sənani, İbrahim İsfahanlı və başqaları teatra öz töhfələrini veriblər. Ələddin Həsənov da Gürcüstanda Azərbaycan Teatrının tarixinə yazılıb. 1941-ci ildə Faxralı elində anadan olan Ələddin Həsənov Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib, ilk əmək fəaliyyətinə 1967-ci ildən Tiflis Azərbaycan Radio Verilişləri Komitəsinin Azərbaycan dilli radiosunda başlayıb. Sonra 2002-ci ildə Tiflis Azərbaycan Dövlət Dram Teatrının rəhbəri olub. 2004-cü ildə dünyasını dəyişib”.

Anım mərasimində Gürcüstan parlamentinin keçmiş deputatları Hidayət Hüseynov, Ramiz Bəkirov, kinorejissor Tenqiz Txilava, yazıçı-tərçüməçi Emin Elsevər, yazıçı Əli Abbas, jurnalist Nizami Məmmədzadə, teatrın indiki direktoru Varlam Nikoladze, Azərbaycan səfirliyinin birinci katibi Elçin Məmmədov və başqaları çıxış edərək Ə. Həsənov haqqında xatirələrini söyləyiblər. Tədbirdə bildirilib ki, iki dövlət arasında olan mədəniyyətlərin inkişafında və möhkəmləndirilməsində Gürcüstanda yaşayan azərbaycanlıların böyük əməyi olub. Qafqaz Strateji Araşdırmalar İnstitutunun vitse-prezidenti Simon Kopadze deyib ki, çox təəssüf ki, Azərbaycanın teatr xadimlərini çox az tanıyırlar: “Arxivlərdən azərbaycanlı artistlərin həyatı və fəaliyyəti haqqında məlumat əldə etmək və onu kitab halında gürcü oxucusuna çatdırmaq lazımdır”.

Gürcüstan İnsan Hüquqları Komitəsinin üzvü Fərhad Musayev Azərbaycan-gürcü dostluğunu nəsillərə ötürməyin vacib olduğunu vurğulayıb. Kinorejissor Tengiz Txilava belə tədbirlərin gürcülər üçün çox maraqlı olduğunu, Azərbaycan ədəbiyyatını, dramaturgiyasını, teatr və incəsənət adamlarını tanımağa başladıqlarını bildirib: “Bu gün Heydər Əliyev adına Tiflis Azərbaycan Dövlət Dram Teatrının keçmiş direktoru Ələddin Həsənovun anım gününün keçirilməsi isə bizə ikiqat sevincdir. Düşünürəm ki, biz gürcülər Tiflisdə yaşayan azərbaycanlıların həyat və fəaliyyəti ilə daha yaxından bələd olacağıq”.

Çıxışçılar Əflatun Amaşova Ələddin Həsənovun anım gününü təşkil etdiyinə görə təşəkkürlərini bildirib. Ə. Həsənovun oğlu Rizvan Həsənov tədbir iştirakçılarına təşəkkür edib.

Tədbirdə Ə. Amaşov APA-nın Gürcüstan bürosunun müxbiri Nizami Məmmədzadəni media sahəsindəki uzun müddətli səmərəli fəaliyyətinə, müasir Azərbaycan jurnalistikasının inkişafındakı xidmətlərinə görə və anadan olmasının 60 illiyi münasibəti ilə Mətbuat Şurasının xüsusi diplomu ilə təltif edib. N. Məmmədzadə Azərbaycan Mətbuat Şurasının təltifi ilə bağlı təşəkkürünü bildirib və ona verilən diplomu bütün jurnalist həmkarlarına verilən qiymət olaraq dəyərləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR