Səfir: «Ukrayna və Azərbaycan arasında ticarət dövriyyəsi bu il 30% artacaq»

Səfir: «Ukrayna və Azərbaycan arasında ticarət dövriyyəsi bu il 30% artacaq»
# 15 may 2012 09:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ukrayna ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcminin 2012-ci il ərzində 21-29% artaraq 1,7-1,8 mlrd. ABŞ dollarına çatacağı proqnozlaşdırılır. Bu barədə «APA-Economics»ə açıqlamasında Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko məlumat verib.

A.Mişşenkonun sözlərinə görə, əgər 2010-cu ildə iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsi 1,6 mlrd. dollar təşkil etmişdirsə, 2011-ci ildə bu göstərici 12,5% azalaraq 1,4 mlrd. dollar olub. Ötən il müşahidə olunan enmə Azərbaycandan Ukrayna vasitəsilə Belarusa emal üçün ixrac olunan xam neftin həcminin azalması ilə bağlıdır. Bu isə öz növbəsində Belarusdakı emal zavodunun fəaliyyətini dayandırması ilə əlaqələndirilir.

Səfir qeyd edib ki, buna baxmayaraq, artıq 2012-ci ildə Ukrayna ilə Azərbaycan arasında iqtisadi əlaqələr daha da genişlənib və bunun nəticəsində qarşılıqlı ticarət dövriyyəsinin 1,7-1,8 mlrd. dollara qədər artımı proqnozlaşdırılır. Belə ki, Ukrayna şirkətləri Azərbaycan paytaxtında yeni metro stansiyalarının inşası sahəsində Bakı Metropoliteni ilə əməkdaşlığa başlayıb, həmçinin Azərbaycan Dövlət Neft Şirkəti Ukrayna ərazisində realizə etdiyi neft məhsullarının çeşidini xeyli genişləndirib.

«Bunu nəzərə alaraq, 2012-ci ildə Ukrayna ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 1,7-1,8 mlrd. dollara çatacağı gözlənilir. Sonradan isə bu göstəricinin hətta 2 mlrd. dollar həddini keçəcəyi proqnozlaşdırılır», - deyə A.Mişşenko vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR