İstanbulda azərbaycanlı yazarın imza mərasimi keçirilib

İstanbulda azərbaycanlı yazarın imza mərasimi keçirilib
# 10 noyabr 2014 12:55 (UTC +04:00)

İstanbulda keçirilən beynəlxalq kitab yarmarkasında (TÜYAP) azərbaycanlı yazar Şəmil Sadıqın yenicə çapdan çıxmış “Oderler” romanının imza mərasimi keçirilib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, “2023 yayınları”nın nəşr etdiyi kitabı Türkiyə türkcəsində çapa jurnalist-tərcüməçi Ruslan Rəhimov hazırlayıb.

İmza mərasimində APA-ya açıqlama verən yazar Şəmil Sadıq deyib ki, Türkiyədə çapdan çıxmış ilk kitabını srağagün İstanbula gələndən sonra görüb: “İlk kitabımla TÜYAP kimi nüfuzlu beynəlxalq yarmarkada iştirakım və imza mərasimim məni çox sevindirir. Buna görə “2023 yayınları”na və kitabı türkcə çapa hazırlayan Ruslan Rəhimova təşəkkür edirəm. Fikri və ideyası etibarı ilə “Oderler” romanımın Türkiyədə maraq oyandıracağına, kitabımın imza mərasiminin də Azərbaycanın Dövlət Bayrağı gününə təsadüf etməsinin simvolik olduğuna inanıram. TÜYAP beynəlxalq kitab yarmarkasında Azərbaycanın “Hədəf” nəşriyyatının iştirakını önəmli sayıram. Türk özəl sektorunun kitab çapı və təbliği sahəsində xeyli məsafə qət etdiyini bu yarmarkada görürəm. Azərbaycanın özəl nəşriyyatları da bu kimi beynəlxalq yarmarkalarda iştirak etməklə təcrübə qazanacaq və ölkəmizdə özəl sektor yayınlarını dünya standartına çıxaracaqlar. Buna inanıram”.

Qeyd edək ki, TÜYAP beynəlxalq kitab yarmarkasında Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Tərcümə Mərkəzi, və “Qanun” nəşriyyatı öz stendləri ilə iştirak edir. TÜYAP beynəlxalq kitab yarmarkasında “Bence” nəşriyyatının stendində azərbaycanlı yazar Rasim Qaracanın kitabının imza mərasimi olacaq.

Qeyd edək ki, ilk dəfə 1981-ci ildə 500 kvadratmetrlik sahədə keçirilmiş TÜYAP hazırda Frankfurt beynəlxalq kitab yarmarkasından sonra dünyanın ikinci böyük yarmarkası sayılır. Keçən il yarmarkanı 500 mindən çox insan ziyarət edib. TÜYAP-ın builki şərəf qonağı Macarıstandır. Yarmarka çərçivəsində yüzlərlə imza mərasimi, məruzə və müzakirələr təşkil edilir. 16 noyabra qədər açıq olacaq TÜYAP yarmarkasında Türkiyənin və dünyanın sənət qalereyaları da plastik sənətlərin müxtəlif sahələrinə aid əsərlər nümayiş etdirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR