Bank Of Baku

London-Azərbaycan Cəmiyyəti “Xocalı faciəsi - beynəlxalq baxış” adlı kitab nəşr edib

London-Azərbaycan Cəmiyyəti “Xocalı faciəsi - beynəlxalq baxış” adlı kitab nəşr edib
# 23 fevral 2007 14:42 (UTC +04:00)
London-Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, kitabda Xocalı faciəsi ilə bağlı həqiqətlər, ermənilərin törətdiyi soyqırımı barədə müxtəlif mənbələrə istinadən faktlar əksini tapıb. Kitabın tərtibçiləri London-Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov və Britaniya-Azərbaycan Gənclər Cəmiyyətinin sədri Taleh Bağıyev, məsləhətçi redaktoru isə BBC Monitorinq xidmətinin keçmiş direktoru Enn Tompsondur. Kitaba Xocalı faciəsi haqqında “Washington Post”, “Independent”, “Sunday Times”, “Times”, “Washington Times”, “New York Times”, “Le Monde”, “Newsweek” kimi tanınmış KİV-də çap edilmiş məqalələr, BBC-nin reportajları, Human Rights Watch, Human Rights Watch Center “Memorial” beynəlxalq təşkilatların hesabatları, Tomas Qoltz, Çarlz van der Liyu, Tomas de Vall, Yuri Pompeyevin Qarabağ münaqişəsindən bəhs edən əsərlərindən hissələr daxil edilib. Kitabda, həmçinin, faciə günlərində Ağdamda olmuş “Reuters” agentliyinin jurnalistləri Fredrik Lengeyn və Klaus Resingerin çəkdiyi fotolar, faciənin dəhşətləri barədə onların fikirləri əksini tapıb. Xocalıdakı qətliamın şahidi olmuş xarici jurnalistlərin, hərbiçilərin, yerli sakinlərin təəssüratları da kitaba daxil edilib. Kitabın dünya kitabxanaları, aparıcı araşdırma mərkəzləri, parlamentlər, beynəlxalq təşkilatlar, Bakıdakı səfirliklər və digər müvafiq qurumalarda yayılması nəzərdə tutulur.
London-Azərbaycan Cəmiyyəti, həmçinin, Xocalı faciəsi ilə bağlı “Guardian” qəzetində “Xocalı faciəsi - beynəlxalq baxış” kitabının materialları əsasında britaniyalı jurnalist Mark Hollinqsvors tərəfindən hazırlanmış məqaləni dərc etdirməyi də planlaşdırır. Bundan başqa, təşkilat bu ilin martında Londonun Kral Beynəlxalq Münasibətlər İnstitutunda xarici müəlliflərin məqalələrindən ibarət “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi - beynəlxalq baxış” adlı kitabın təqdimatını və müzakirəsini təşkil etməyi nəzərdə tutur.
Qeyd edək ki, London-Azərbaycan Cəmiyyəti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə artıq “Visions of Azerbaijan” adlı jurnal və ingilisdilli www.karabakh.co.uk saytı təsis edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR