APA-nın ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində mina basdırmaları barədə aşkarladığı fakt beynəlxalq hesabata salınıb

APA-nın ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində mina basdırmaları barədə aşkarladığı fakt beynəlxalq hesabata salınıb
# 10 dekabr 2013 14:25 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Cari ilin yay aylarında ermənilərin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində piyadalar əleyhinə minalar basdırması faktı Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Beynəlxalq Kampaniyasının (International Campaign to Ban Landmines - ICBL) hesabatına salınıb.

Bu barədə APA-ya «Minalar Əleyhinə Azərbaycan Kampaniyası» İctimai Birliyinin direktoru Hafiz Səfixanov məlumat verib.

H. Səfixanov bildirib ki, Ermənistan Ordusunun Füzuli və Xocavənd rayonları istiqamətlərində cəbhə xəttində minalar basdırması barədə APA İnformasiya Agentliyində bu ilin iyul ayının 29-da yaydığı xəbər (http://az.apa.az/news/308095) İCBL baş ofisinə ötürülüb. Araşdırmalar aparan İCBL Ermənistan tərəfinə faktla bağlı müraciət ünvanlayıb. Ermənistan tərəfi isə cavab məktubunda faktı təsdiqləyib. Minaların basdırılması, istehkamların möhkəmləndirilməsini Azərbaycan Ordusunun diversiya qruplarının hərəkətini önləmək məqsədi daşıması ilə əsaslandırılıb.

H. Səfixanov bu faktın Cenevrədə dekabrın 2-dən 9-dək keçirilmiş Piyadalar əleyhinə minaların qadağan olunması Konvensiyası çərçivəsində 13-cü iclasda da qaldırıldığını deyib: «Beynəlxalq hesabata 2013-cü ildə dünyanın 3 bölgəsində - Yəmən, Suriya və Dağlıq Qarabağda yeni minaların basdırılması faktı salındı. Bu fakt BMT Baş Katibinin adından oxunan müraciətdə də səslənərək qəti şəkildə pisləndi».

İclasda Türkiyə ilə bağlı məsələyə xüsusilə toxunulduğunu deyən təşkilat rəhbərinin sözlərinə görə, rəsmi Ankaranın piyadalar əleyhinə minaların ləğvi istiqamətində fəaliyyətinə baxılıb. Türkiyə tərəfi ehtiyatındakı piyadalar əleyhinə minaları ləğv etdiyini bildirsə də, 2012-ci ildə minaların basdırılması faktlarının mövcudluğu vurğulanıb. Ottava Konvensiyası çərçivəsində öhdəlik götürən Türkiyəyə piyadalar əleyhinə minaların ləğvi üçün verilən müddət 8 il uzadılıb.

Qeyd edək ki, iyulun 29-da APA hərbi mənbələrə istinadən erməni tərəfinin Füzuli və Xocavənd rayonları istiqamətində ön xətdəki istehkamların möhkəmləndirilməsi işləri apardığı barədə məlumat yayıb. Məlumatda qarşı tərəf səngər və uzunmüddətli atəş nöqtələrini möhkəmləndirməklə yanaşı, neytral zolaqda minalar basdırdığı, cəbhənin qeyd olunan istiqamətlərində ermənilərin PMZ-4 tipli mexaniki minaəkənlərin hərəkətlərinin qeydə alındığı bildirilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR