Əbülfəs Qarayev: “Azərbaycan və Gürcüstan arasında mədəniyyət sahəsində bütün xırda problemlərin aradan qaldırılmasına qərar verdik”

Əbülfəs Qarayev: “Azərbaycan və Gürcüstan arasında mədəniyyət sahəsində bütün xırda problemlərin aradan qaldırılmasına qərar verdik”
# 08 may 2013 13:30 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. “Bu gün Gürcüstanda Mirzə Fətəli Axundzadənin Ev Muzeyinin bazasında Mədəniyyət Muzeyi açılır. Burada Azərbaycan mədəniyyətini təbliğ edən əşyalar nümayiş olunacaq. Sözsüz ki, bu mərkəzin Gürcüstan-Azərbaycan dostluğunun inkişafında böyük rolu olacaq”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstanın mədəniyyət naziri Quram Odişariya ilə görüşdən sonra jurnalistlərə açıqlamasında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. O bildirib ki, həmkarı ilə görüşündə Azərbaycanla Gürcüstan arasında bu sahədə bütün xırda və tərəfləri narahat edən məsələlərin aradan qaldırılmasına qərar verilib: “Biz Tiflisdəki Azərbaycan Dövlət Teatrı, muzeylərimiz, qarşılıqlı layihələrin gerçəkləşdirilməsi və Sınıq Körpünün bərpası ilə bağlı müzakirələr apardıq. Xalqlarımız tarixən qonşu və mehriban şəraitdə yaşayıblar. Biz bu əlaqələri daha da möhkəmləndirmək üçün çox ciddi iş aparmalıyıq və görüşdə Gürcüstan tərəfi buna tam hazır olduğunu bir daha sübut etdi”.

Quram Odişariya isə Azərbaycan dilində başa düşdüyünü və həmkarının dediklərinin məğzini anladığını vurğulayıb: “Bu gün biz bərpadan sonra Mirzə Fətəli Axundzadənin Ev Muzeyini yenidən açırıq. Böyük yazıçı və şairlər bir xalqa məxsus deyil, onlar digər xalqların da şair və yazıçılarıdır. Mirzə Fətəli Axundzadə uzun illər Gürcüstanda yaşayıb və onu bizim ölkədə yaxşı tanıyırlar. Mən həmkarıma razılığımı bildirirəm ki, vaxt tapıb Gürcüstana gəlib. Biz onunla bir çox məsələlər barədə planlaşdırmalar apardıq. Bir neçə gündən sonra mən Bakıya səfər edəcəyəm və biz bir daha digər məsələlər barədə də konkret danışıqlar aparacağıq. Mən ümidvaram ki, biz tez-tez görüşəcək və xalqlarımızın mədəniyyətinin inkişafına töhfələr verəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR