Azərbaycan prezidenti: “Ulu Öndərin ölkəmizdə rəhbərliyə qayıdışı bütövlükdə müasir tariximizdə dönüş nöqtəsi oldu” - YENİLƏNİB

Azərbaycan prezidenti: “Ulu Öndərin ölkəmizdə rəhbərliyə qayıdışı bütövlükdə müasir tariximizdə dönüş nöqtəsi oldu” - <span style="color: red;">YENİLƏNİB
# 10 may 2013 20:42 (UTC +04:00)

APA-nın xəbərinə görə, prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri, dövlət və hökumət nümayəndələri, diplomatik korpusunun təmsilçiləri mərasimdə iştirak ediblər. Tədbirdə çıxış edən prezident İlham Əliyev Heydər Əliyevi müstəqil Azərbaycan dövlətinin qurucusu, böyük tarixi şəxsiyyət kimi səciyyələndirib. Dövlət başçısı deyib ki, Heydər Əliyevin timsalında şəxsiyyətlərin tarixdə rolunun bəzi hallarda əvəzsiz olduğu təsdiqlənir.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə nəzər salan prezident həmin dövrdə ölkənin inkişafı, siyasi sabitliyin yaranması, iqtisadiyyatın dirçəlməsi və s mühüm faktları qeyd edib. Prezident bildirib ki, Heydər Əliyev Moskvada olduğu dövrlərdə də daim Azərbaycana diqqət göstərib: «Əlbəttə, bu işlərin görülməsi nəticəsində 1970-ci illərdə Azərbaycanda hər bir istiqamətdə, hər bir sahədə böyük inkişaf özünü büruzə verirdi. 1982-ci ilin sonlarında Moskvaya gedəndə Azərbaycan ən qabaqcıl yerlərdə idi. 1982-ci ilin sonlarında Heydər Əliyevə böyük etimad göstərilmişdir və o, Sovet İttifaqı Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş, Siyasi Büroya üzv seçilmişdi. Bu, Azərbaycan xalqı üçün də böyük nəticə, böyük nailiyyət idi. Bizim nümayəndəmiz, Azərbaycan xalqının nümayəndəsi Kremldə əyləşmişdi. O illərdə ümumi işlərlə məşğul olaraq, eyni zamanda, Azərbaycanı unutmamışdı.

Məhz o illərdə Azərbaycanın gələcək inkişafı ilə bağlı çoxsaylı qərarlar qəbul edilmişdir. Ulu öndər daim Azərbaycana diqqət göstərirdi, işlərlə maraqlanırdı. Demək olar ki, 1987-ci ilə qədər onun nəzarəti və rəhbərliyi nəticəsində Azərbaycanda proseslər bütövlükdə müsbət istiqamətdə gedirdi».

Onun rəhbərlikdən uzaqlaşdırıldığı illərdə respublikada baş verən mənfi prosesləri xatırladan ölkə başçısı Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti, muxtar respublikanı ermənilərdən qoruması, çətinliklərdən çıxarması barədə də danışıb: «Böyük təəssüf hissi ilə deyirəm ki, əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı bir qarış torpaq da işğal altına düşməzdi. Ondan sonrakı illər bizim üçün ən ağrılı illər olub. Ölkədə proseslər mənfi istiqamətdə gedirdi. Özbaşınalıq, anarxiya, xaos, hakimiyyət zəifliyi, xalq ilə iqtidar arasında yaranmış uçurum, digər tərəfdən Ermənistanın Azərbaycana qarşı iddiaları Azərbaycana böyük problemlər yaratmışdı. Onların içində əlbəttə, ən ağrılısı torpaqlarımızın işğal altına düşməsidir. Eyni zamanda, Qanlı Yanvar faciəsi ən böyük yara, ən böyük faciədir. Əfsuslar olsun ki, Azərbaycanın o vaxtkı rəhbərliyi Qanlı Yanvar faciəsinin qarşısının alınması üçün heç bir iş görməyib və günahsız insanları sovet ordusunun qurbanlarına çevirib. Heydər Əliyevin o vaxta qədər fəal siyasətlə məşğul olmaq niyyəti olmamışdır. Ancaq o, bu faciəyə biganə qala bilməzdi və dərhal öz münasibətini bildirdi. Azərbaycanın daimi nümayəndəliyinə gəlib və orada öz sözünü deyib. Sovet rəhbərliyini pisləyib, tənqid edib, öz sözünü deyib, Azərbaycan xalqının yanında olduğunu bəyan edib»..

Ümummilli Liderin ölkə rəhbərliyinə qayıdışından sonra müstəqilliyi möhkəmlətmək üçün cəsarətli addımlar atdığını xatırladan prezident həmin illərdə Azərbaycanın müasir siyasi sisteminin formalaşdığını, inkişafın təməlinin qoyulduğunu, Yeni Azərbaycan Partiyasının yaradıldığını qeyd edib: “Ulu Öndərin ölkəmizdə rəhbərliyə qayıdışı bütövlükdə müasir tariximizdə dönüş nöqtəsi oldu”.

"Bizim xoşbəxtliyimiz, Azərbaycan xalqının xoşbəxtliyi ondan ibarətdir ki, Heydər Əliyev kimi liderimiz olub. On il ərzində - 1993-2003-cü illər ərzində Azərbaycan böyük və uğurlu yol keçib. Azərbaycanda dövlət quruculuğu prosesi uğurla aparılmış və gözəl nəticələrə gətirib çıxarıb. Müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilib. Qanlı Yanvar faciəsinə hüquqi və siyasi qiymət verilib. Dövlətimizin ideoloji əsasları qoyulub. Köklü siyasi islahatlar aparılıb. İqtisadi sahədə böyük islahatlar aparılmağa başlamışdır. Bazar iqtisadiyyatı əsas prinsip kimi rəhbər götürülüb. Azərbaycan informasiya blokadasını yara və özünü dünyaya təqdim edə bilib. Beynəlxalq təşkilatların üzvü olduq. Sabitlik yarandı. Bütün, qeyri-qanuni silahlı birləşmələr tərksilah edildi. Azərbaycan hakimiyyətini 1992-ci ildə qanunsuz, saxta yolla zəbt edən antimilli qüvvələr hərəsi bir tərəfə çəkildi. Onlar o vaxtdan artıq siyasi səhnədən tamamilə silinmişdir və bu gün tarixin arxivindədirlər. İnkişaf üçün imkanlar yarandı. O inkişaf ki, bu gün müstəqil Azərbaycanı dünya miqyasında inkişaf edən ölkə kimi təqdim edir.

O illərdə Azərbaycana sərmayə gətirmək, investorları sərmayə qoymaq üçün həvəsləndirmək, onları inandırmaq həddindən artıq ağır və çətin məsələ idi. Çünki Azərbaycan çox yüksək riskli bir ölkə idi. Vətəndaş müharibəsi təzəcə qurtarmışdı. Atəşkəs rejimi 1994-cü ilin mayında elan edilmişdi. O vaxtdan bir neçə ay keçəndən sonra “Əsrin müqaviləsi” bağlandı. “Əsrin müqaviləsi”nin Azərbaycanın müstəqillik tarixində rolu haqqında mən də, başqaları da dəfələrlə öz fikirlərimizi bildirmişik. Bu gün Azərbaycan reallıqları bunu bir daha sübut edir - o vaxt yeganə düzgün addım atılıb ki, xarici investisiyaları cəlb edək və Azərbaycanı bu ağır iqtisadi vəziyyətdən çıxara bilək. “Əsrin müqaviləsi”nin imzalanmasından sonra çox gərgin iş başlayıb", deyə dövlət başçısı əlavə edib.

Prezident qeyd edib ki, Heydər Əliyevin yaratdığı möhkəm əsaslar bu gün Azərbaycanı dünyaya qüdrətli dövlət kimi tanıdır. Ölkə başçısı bu gün də Heydər Əliyev siyasətinin uğurla davam etdirildiyini vurğulayıb. Prezident bu gün Azərbaycanın böyük inkişaf dövrünü yaşadığını qeyd edib, bu inkişafın təməlinin 1993-cü ildə qoyulduğunu xatırladıb.

Azərbaycanın təşəbbüskarı olduğu beynəlxalq layihələrdən, ölkənin daxili və xarici siyasətindəki uğurlardan danışan ölkə başçısı qeyd edib ki, ən böyük sərvət müstəqil, qüdrətli dövlətin qurulmağıdır: "Azərbaycan bir sabitlik adasıdır. Azərbaycanda daxili sabitlik, xalqla iqtidar arasında birlik, vəhdət vardır. Azərbaycanda iqtisadi siyasət möhkəm sosial siyasətlə tamamlanır. Bizim xarici siyasətimiz də birmənalıdır, açıqdır, aydındır və müstəqildir. Bizim müstəqilliyimizin, müstəqil siyasətimizin təməlində də iqtisadi müstəqillikdir. Əgər iqtisadi müstəqillik olmasaydı, əgər biz xarici kreditlərdən asılı olsaydıq, müstəqil siyasət apara bilməzdik. Müstəqillik ən böyük dəyərdir, ən böyük sərvətdir. Müstəqillik o deməkdir ki, xalqımız azaddır, taleyimiz öz əlimizdədir. Azərbaycan xalqı nəhayət ki, öz taleyinin sahibidir. Əsrlər boyu xalqımız müstəqillik eşqi ilə yaşayıb. Nəsillər gəlirdi, gedirdi. Xalqımız müstəqillik eşqi ilə yaşamışdır. Bu gün biz müstəqilik. Bizim nəinki atributlarımız, sözün əsl mənasında, müstəqil, qüdrətli dövlətimiz var. Biz fəxr edirik ki, müstəqil Azərbaycanın vətəndaşlarıyıq. Ulu Öndərin məşhur kəlamı var, deyir: “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam”.

Biz inamla irəliyə gedirik. Çünki son 20 il ərzində - 1993-cü ildən bu günə qədər görülən işlər deməyə əsas verir ki, biz bundan sonra da uğurla, inamla inkişaf edəcəyik. Bizim böyük planlarımız var. Bu planların bir hissəsi artıq reallaşıb. Biz artıq kosmosa qalxmışıq. Azərbaycan o nadir ölkələrdəndir ki, artıq kosmik sənayesi var. Yəni, bu reallıqları biz özümüz yaratmışıq, Azərbaycan xalqının istedadı, zəhməti, Heydər Əliyev siyasəti hesabına. Biz bu siyasətə bundan sonra da sadiq olacağıq və sadiq olmalıyıq".

Daha sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR