Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri: “Prezident seçkilərində böyük tərəqqi əldə olundu”

Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri: “Prezident seçkilərində böyük tərəqqi əldə olundu”
# 16 oktyabr 2013 15:38 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. “Azərbaycanda keçirilən prezident seçkilərində böyük tərəqqi əldə olundu. Mən əvvəllər Azərbaycanda keçirilən 4 seçkilərdə iştirak etmişəm və deyə bilərəm ki, proses daha şəffaf keçirilib, seçkilərdə 10 namizəd mübarizə aparıb, hər yerdə seçicilərin siyahıları və namizədlərin plakatları yapışdırılıb, TV-də debatlar keçirilib. Düzdür, televiziya debatları digər ölkələrdəki kimi qızğın olmasa da, normal keçirilib”.

Bunu APA-ya açıqlamasında oktyabrın 9-da keçirilən prezident seçkilərini izləmiş Fransa Milli Assambleyasında Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Tyeri Mariani (Thierry Mariani) bildirib.

Onun sözlərinə görə, seçkilərin daha da yaxşı ola biləcəyini deyənlər anlamalıdırlar ki, seçkilər Azərbaycanın daxilində də problemlərin olduğu bir zamanda keçirilib: “Torpaqlarınızın 20 faizi işğal altındadır, qəbul olunan qətnamələrdə deyilir ki, onlar boşaldılmalıdır, beynəlxalq ictimaiyyət isə heç bir addım atmır. Fransa Milli Assambleyasının Azərbaycanla dostluq qrupun rəhbəri kimi deyə bilərəm ki, bununla bağlı məsələ tamamilə qəbuledilməzdir”.

Azərbaycanla Fransa arasında əməkdaşlığa toxunan T.Mariani qeyd edib ki, iqtisadi sahədə əməkdaşlıq çox vacibdir: “Hamı başa düşür ki, neft sahəsi böyük önəm daşıyır. Bildiyiniz kimi, bizim “Total” şirkəti sizin ölkənizlə yaxşı əməkdaşlıq edir və “Abşeron” adlı yeni qaz yatağı aşkar edib. Eyni zamanda bizim tullantıların emalı sahəsində də əməkdaşlığımız var. Mədəniyyət sahəsi də vacibdir. Onu deyə bilərəm ki, Azərbaycan barədə Fransada təsəvvürü dəyişilir. Bir fakt deyim - üç ay bundan əvvəl Fransanın Avropa Şurasındakı nümayəndə heyəti səsvermə zamanı Ermənistan tərəfini deyil, Azərbaycanın tərəfini tutub. Bu cür hal ilk dəfədir baş verir. Bu o deməkdir ki, yavaş-yavaş vəziyyət dəyişir”.

Bu il fevralın 26-da Fransa Milli Assambleyada iki azərbaycanlı tələbəsinin döyülməsinə də toxunan T.Mariani bildirib ki, bu hadisədən məyusluq hissi keçirir və bununla bağlı bəyanatla çıxış edib. Onun sözlərinə görə, ermənilərin bəziləri də bu hadisəni pisləyiblər: “Bu hamı üçün pisdir və hadisəni törədənlərə şərəf gətirmir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR