“El” Hərəkatı Milli Şurada qalmağa və Cəmil Həsənlinin sədrliyə namizədliyini dəstəkləməyə qərar verib

“El” Hərəkatı Milli Şurada qalmağa və Cəmil Həsənlinin sədrliyə namizədliyini dəstəkləməyə qərar verib
# 02 dekabr 2013 13:09 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “El” Hərəkatı Milli Şurada fəaliyyətini davam etdirməyə qərar verib. “El” Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev APA-ya açıqlamasında deyib ki, hərəkatın sədri Eldar Namazov Kiyevdə olduğu üçün İdarə Heyətinin Milli Şuranın sessiyasından öncə - bu gün nəzərdə tutulan toplantısı keçirilməyib.

E. Namazovla telefon əlaqəsi saxladığını söyləyən E. Quliyev bildirib ki, söhbət zamanı Milli Şura ilə bağlı ümumi mövqe ifadə olunub: “Eldar Namazovun da mövqeyi belədir ki, Milli Şuranın dağıdılmasına yol vermək olmaz, qurumu gücləndirmək lazımdır. “El” Hərəkatında bununla bağlı konsensus var. Çünki əsas məsələ demokratik keçiddir və Milli Şuranın da fəaliyyəti bu istiqamətdə olmalıdır. Digər tərəfdən, biz Milli Şura sədrliyinə namizəd olan Cəmil Həsənlini oradakı partiyalarla müqayisədə özümüzə daha yaxın sayırıq. Cəmil Həsənli ilə Ziyalılar Forumunda bir yerdəyik, o, dəyərli ziyalılarımızdan biridir. Cəmil Həsənlinin sədrliyə namizədliyini dəstəkləyəcəyik. Biz onu belə bir situasiyada tək qoya bilmərik. Bəzi partiyalardan fərqli olaraq, ümummilli maraqları korporativ maraqlardan üstün tuturuq”.

Eldəniz Quliyev Milli Şuranın sədri postundan istefa verən Rüstəm İbrahimbəyovun qərarına hörmət və böyük təəssüf hissi ilə yanaşdıqlarını söyləyib: “Rüstəm İbrahimbəyovun ölkədə olmadığı üçün Milli Şuradan istefa verməli olduğunu bəyan edən adamlar bir şeyi anlamırdılar ki, Rüstəm İbrahimbəyov ölkədə olmaya-olmaya Milli Şura yarandı, prezident seçkilərində qələbəyə bərabər məğlubiyyət oldu. Ancaq bu adamlar 20 ildir ki, ölkədədirlər, heç bir uğur qazana bilmirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR