«PAŞA Həyat Sığorta» daha iki iri ödəniş həyata keçirib

«PAŞA Həyat Sığorta» daha iki iri ödəniş həyata keçirib
# 10 oktyabr 2013 13:10 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın həyat sığortası üzrə ixtisaslaşmış şirkəti olan «PAŞA Həyat Sığorta» ASC istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə növbəti iki irihəcmli ödənişini həyata keçirib.

Şirkətin marketinq, planlaşdırma və ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, «PAŞA Həyat Sığorta» tərəfindən iki sığortalı müəssisənin işçiləri ilə əlaqədar istehsalatda baş vermiş bədbəxt hadisəyə görə ümumilikdə 43,4 min manata yaxın sığorta ödənişi edilib.

Belə ki, şirkət tərəfindən istehsalat zamanı vəfat etmiş bir şəxsin ailəsinə 28 212 manat, digər vəfat etmiş şəxsin ailəsinə isə 15 178 manat həcmində birdəfəlik ödənişlər verilib.

Qeyd edək ki, 2013-cü ilin əvvəlindən başlayaraq «PAŞA Həyat Sığorta» ASC-də istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə ödəniş halları artıb. Belə ki, bu ilin yanvar-sentyabr aylarında sözügedən sığorta növü üzrə 560 min manata yaxın sığorta ödənişi həyata keçirilib ki, bu da 2012-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 3,3 dəfə çoxdur. Bu ilin yanvar-avqust aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 19,312 mln. manat, ödənişləri isə 501 min manata yaxın olub. Oktyabrın 1-nə şirkətin nizamnamə kapitalı 25,2 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR