Maliyyə naziri: ÜDM-in 56,5%-i qeyri-neft sektorunda formalaşıb

Maliyyə naziri: ÜDM-in 56,5%-i qeyri-neft sektorunda formalaşıb
# 16 may 2014 12:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “2013-cü ildə Beynəlxalq Valyuta Fondunun hesablamalarına əsasən, dünya iqtisadiyyatı 3% artıb. Azərbaycanın ixrac etdiyi “Azərilayt” xam neftinin 1 barelinin orta satış qiyməti isə 111,2 ABŞ dolları təşkil edib. Keçən ildə dünyanın ticarət dövriyyəsinin artım sürəti 2012-ci ilin göstəricisi ilə eyni səviyyədə - 2,7%. Bu da böhrandan sonra ticarət münasibətlərinin sabitləşməsini özündə əks etdirir. Eyni zamanda 2013-cü ildə ölkənin əsas makroiqtisadi göstəricisi olan ümumi daxili məhsulun (ÜDM) həcmi əvvəlki illə müqayisədə 5,8% real artaraq 57,7 mlrd. manata çatıb. ÜDM-in 32,6 mlrd. manatı qeyri-neft sektorunda, 25,1 mlrd. manatı isə neft sektorunda formalaşıb”.

APA-Economics”in xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bugünkü iclasında “2013-cü il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsi ilə bağlı cari ilin hesabatını təqdim edərkən bildirib.

S. Şərifov qeyd edib ki, keçən il ərzində sənaye sahəsində 26,7 mlrd. manat, yaxud ÜDM-in 46,3% həcmində, tikinti sahəsində 6,8 mlrd. manat (müvafiq olaraq 11,8%), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 3,1 mlrd. manat (müvafiq olaraq 5,3%), nəqliyyat və anbar təsərrüfatında 2,8 mlrd. manat (müvafiq olaraq 4,8%), informasiya və rabitə xidmətləri sahəsində 1 mlrd. manat (müvafiq olaraq 1,8%), ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 4,1 mlrd. manat (müvafiq olaraq 7,1%), turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 1,1 mlrd. manat (müvafiq olaraq 1,8%), sosial və digər xidmətlər sahəsində isə 8,5 mlrd. manat (müvafiq olaraq 14,7%) həcmində əlavə dəyər yaranıb. Məhsula və idxala görə xalis vergilər ÜDM-in 6,4%-nə bərabər olub.

ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 2012-ci illə müqayisədə 4,4% artaraq 6 207,3 manat və ya 7 912,5 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, hesabat ili ərzində ölkənin valyuta ehtiyatları 9% artaraq 50 mlrd. dollarını ötüb. Bu da dövlətin xarici borcundan təqribən 9 dəfə çoxdur. 2013-cü ilin yekunlarına əsasən, ölkə əhalisinin gəlirləri əvvəlki illə müqayisədə 8% artaraq 37,6 mlrd. manata çatıb, əhalinin hər nəfərinə düşən gəlirlərin həcmi isə orta hesabla 4 039,6 manat olub. Əhalinin hər nəfərinə düşən gəlirlər əvvəlki illə müqayisədə 6,6% artaraq istehlak qiymətləri indeksini (inflyasiyanı) 4,2% üstələyib. Gəlirlərin 64,3%-i son istehlaka, 8,3%-i vergilər, sosial sığorta və üzvlük haqlarının, 25,6%-i isə əmanətlərin və kapitalın artırılmasına, 1,8%-i kreditlər üzrə faizlərin ödənilməsinə yönəldilib. Əhalinin sərəncamında qalan gəlir 34,5 mlrd. manat təşkil edərək əvvəlki ilə nisbətən 8% artıb. 2013-cü ildə ölkə üzrə orta aylıq əməkhaqqı 423 manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,2% çoxdur. 2013-cü ildə əsas kapitala yönəldilən vəsaitlər 15,1% artaraq 17,9 mlrd. manat olub, onun 66,3%-i və yaxud 11,9 mlrd. manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

Nazir vurğulayıb ki, 2013-cü ildə iqtisadiyyatın qeyri-neft sektorunda inkişaf daha da yüksək sürətə malik olmaqla, bu sektorda əlavə dəyərin 10,0%-lik artımı təmin edilib, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ilə nisbətən 3,1% artaraq 56,6%-dək yüksəlib. “Müvafiq olaraq ÜDM-in 43,4%-i neft-qaz istehsalı və emalı sahələrinin payına düşməklə, əvvəlki ilə nisbətən real artım sürəti 1,0% çox olub”.

Maliyyə mənbələri üzrə əsas kapitala yönəldilən vəsaitin 44,8%-ni müəssisə və təşkilatların vəsaitləri, 43,8%-ni dövlət büdcəsinin vəsaitləri, 4,8%-ni bank kreditləri, 3,2%-ni büdcədənkənar dövlət fondlarının vəsaitləri, 2,6%-ni əhalinin şəxsi vəsaiti, 0,8%-ni təşkil edib. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2013-cü ildə ölkə üzrə xarici ticarət əməliyyatlarının həcmi 34,7 mlrd. ABŞ dolları (2012-ci ilə nisbətən 6,3% çox), o cümlədən idxal əməliyyatları 10,7 mlrd. ABŞ dolları (2012-ci ilə nisbətən 9,1% çox), ixrac əməliyyatları isə 24 mlrd. ABŞ dolları (2012-ci ilə nisbətən 5,1% çox) səviyyəsində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR