Azərbaycan Çempionlar Liqasında 3 klubla təmsil olunacaq

Azərbaycan Çempionlar Liqasında 3 klubla təmsil olunacaq
# 10 may 2013 09:14 (UTC +04:00)

Bakı – APA. Azərbaycan qadın voleybolçular arasında Çempionlar Liqasında 3 klubla təmsil olunacaq. Apasport.az saytının məlumatına görə, ölkəmizin Avropa reytinqində yüksək mövqeyinə uyğun olaraq, 2 klub Avropanın ən nüfuzlu klub yarışında iştirak etməli olduğu halda, üçüncü komanda buna güzəştli kart sayəsində nail olub.

Bu komanda isə Super Liqada “Azərreyl”lə “gümüşü” yarı bölən “İqtisadçı” olacaq. Artıq klub rəsmisi Araz İsmayılov bu faktı “apasport”a təsdiqləyib. Onun sözlərinə görə, “tələbələr” bütün sənədlərini Çempionlar Liqasına hazırlayır: “Bizim Çempionlar Liqasında iştirak edəcəyimiz tam təsdiqini tapıb. Bu, milyon faizlik söhbətdir. Klubumuz da buna uyğun hərəkət edir və bütün sənədləşməni həmin yarışa uyğun aparırıq”.

İsmayılov bildirib ki, hələ transfer məsələləri də açıq qalır. Bütün yeniliklər 15 gün sonraya təsadüf edəcək: “Hazırda məqsədimiz ötən mövsümki heyəti qorumaqdır. Bunun üçün əsas heyətin hamısı ilə danışıqlar masasına əyləşəcəyik. Tailandlılar və kubalılarla yenidən anlaşmaq istəyirik. Ancaq bununla kifayətlənməyib, yeni simalar da transfer edəcəyik”.

Qeyd edək ki, “İqtisadçı”dan öncə “Rabitə” və “Azərreyl”in Çempionlar Liqasına gedəcəyi dəqiq idi. Nəticədə Azərbaycan 2 il ardıcıl analoji yarışda 3 klubla iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR