Bakıda Əfqanıstan nümayəndə heyəti üçün Azərbaycanda «Elektron hökumət» layihəsinin tətbiqinə dair təqdimat keçirilib

Bakıda Əfqanıstan nümayəndə heyəti üçün Azərbaycanda «Elektron hökumət» layihəsinin tətbiqinə dair təqdimat keçirilib
# 11 iyun 2013 10:20 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bakıda səfərdə olan Əfqanıstanın rabitə və informasiya texnologiyaları naziri Əmirzai Sanginin başçılıq etdiyi nümayəndə heyəti üçün Azərbaycanda «Elektron hökumət» layihəsinin tətbiqinə dair təqdimat keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə son illər ərzində Azərbaycanın İKT sahəsində əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verib və hazırda İKT sektorunda həyata keçirilən layihələr barədə danışıb: «Ötən il Azərbaycanın İKT sahəsi 18% artıb və bu sahədə 1,9 mlrd. ABŞ dolları məbləğində gəlir əldə olunub ki, gəlirlərin 80%-i özəl sektorun payına düşüb».

E.Vəlizadə həmçinin bildirib ki, son 5-6 il ərzində Azərbaycanda internetin qiyməti də kəskin aşağı düşüb. Belə ki, əgər 2007-ci ildə ölkədə 1 Mbit/saniyə internetin qiyməti 372,9 dollar təşkil edirdisə, 2008-ci ildə bu rəqəm 158,2 dollara, 2009-cu ildə 39,8 dollara, 2010-cu ildə 24,9 dollara, 2011-ci ildə 19 dollara, 2012-ci ildə isə 12 dollara bərabər olub.

Nazir müavini həmçinin Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM), artıq istismarına başlanılan «Europe Persia Express Gateway» (EPEG), Azərbaycanda genişzolaqlı internetin inkişafı kimi layihələrdən danışıb, «Azerspace-1» milli süni peyk barədə söhbət açıb və Əfqanıstanı bu peykin imkanlarından istifadə etməyə çağırıb.

E.Vəlizadə hazırda ölkədə «Elektron hökumət» layihəsinə böyük diqqət yetirildiyini qeyd edib və bildirib ki, hazırda 40 mərkəzi icra orqanı «Elektron hökumət» portalına qoşulub və onlar tərəfindən 217 elektron xidmət göstərilir. Gələcəkdə isə bu xidmətlərin sayı 417-ə çatdırılacaq: «Biz bu sahədəki təcrübəmizi Əfqanıstanla bölüşməyə hazırıq».

Qeyd edək ki, Əfqanıstan hökuməti informasiya və kommunikasiya texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlığa böyük maraq göstərdiyini dəfələrlə qeyd edib və Azərbaycanın e-idarəçilik sahəsində nailiyyətlərini nəzərə alaraq, BMT-nin İnkişaf Proqramının (BMTİP) Azərbaycanda və Əfqanıstanda ölkə üzrə nümayəndəlikləri e-idarəçilik sahəsində Azərbaycanın Əfqanıstana yardım göstərməsinə dair razılığa gəliblər.

Xatırladaq ki, Əfqanıstan nümayəndə heyətinin Azərbaycana səfəri iyunun 15-dək davam edəcək. Bu müddət ərzində Əfqanıstan nümayəndə heyəti Azərbaycanın bir sıra dövlət qurumlarında görüşlər keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR