Azərbaycan və Almaniya alimlərinin neft geologiyası sahəsində apardıqları birgə tədqiqatların ilkin nəticələri açıqlanıb

Azərbaycan və Almaniya alimlərinin neft geologiyası sahəsində apardıqları birgə tədqiqatların ilkin nəticələri açıqlanıb
# 05 sentyabr 2013 11:59 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun bir qrup alimi Almaniyanın Hamburq və Kiel şəhərlərində yerləşən “RWE Dea” şirkətində və GEOMAR Okeanoqrafiya Elmi-Tədqiqat Mərkəzində olub.

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, görüşlər zamanı “Keçid zonanın neft-qazlılığının perspektivliyinin öyrənilməsi” layihəsinin gedişatı müzakirə edilib. AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Geologiya İnstitutunun direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov və AMEA-nın müxbir üzvü Əkbər Feyzullayev tədqiqatların ilkin nəticələri barədə məlumat veriblər.

Birillik layihədən məqsəd Qobustanda dənizlə quru ərazilərin keçid zonasında neft-qazlılığın perspektivliyini öyrənməkdir. Araşdırmalar 2012-ci ilin noyabrında başlayıb. Akademik İ.Quliyev qeyd edib ki, sözügedən ərazidə dənizin dərinliyi cəmi 20-30 metr olduğuna görə indiyə qədər mövcud texnologiyalarla geofiziki tədqiqatlar aparmaq mümkün olmayıb: “Lakin bu zolaqla qonşu olan quru və su sahələrində vaxtilə qazılmış məhsuldar quyular ərazinin perspektivliyinə inanmağa əsas verirdi. Layihə çərçivəsində alimlər həmin ərazidə əvvəllər aparılmış tədqiqat və qazma işlərinin nəticələrini yenidən təhlil edib. “RWE Dea”nın elmi-texniki imkanları və təcrübəsi əsasında əlavə çöl işləri aparılır, keçid zolağının perspektivliyini müəyyən etməyə səylər göstərilir. İlkin nəticələr tədqiqatçıların sözügedən perspektivliyə inanmaqda yanılmadıqlarını sübut edir”.

Tədqiqatların ümumi gedişatı müsbət qiymətləndirilib. Səfərin sonunda azərbaycanlı alimlər üçün Şimal dənizində yerləşən “Mittelplate” platformasına ekskursiya da təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR