«Neft Daşları» yatağı üçün yeni estakadayanı meydança tikilir

«Neft Daşları» yatağı üçün yeni estakadayanı meydança tikilir
# 31 may 2013 13:01 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Xəzər dənizində yerləşən «Neft Daşları» yatağı üçün yeni 418A saylı estakadayanı meydançanın tikintisinə başlayıb. ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, şirkətin «Neftqazelmitədqiqatlayihə» İnstitutunun layihəsi əsasında inşa olunan meydançanın baş podratçısı «Neftqaztikinti» Trestidir.

Belə ki, 14 istismar quyusunun qazılması üçün nəzərdə tutulan meydança dənizin 13 metr dərinliyində yerləşdiriləcək. Meydançada yüksək və alçaqtəzyiqli seperatorlar, qazqızdırıcı, avtomatik qazpaylama, eləcə də neftin və qazın ölçülməsi qurğuları quraşdırılacaq. Artıq obyekt üzrə 2 400 kv. metrlik sənaye meydançası, 200 kv. metrlik məişət sahəsi tikilib, 152 ədəd svay və quyu şaxtaları vurulub. Qülləaltı postamentin inşaat işləri isə tamamlanma mərhələsindədir. Tikinti işləri bütün müasir norma və tələblərə uyğun şəkildə həyata keçirilir. Ümumilikdə, tikinti işlərinin ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, meydançada qazılacaq quyulardan sutkalıq 140 ton neft və 10 min kubmetrə yaxın təbii qazın hasil ediləcəyi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR