Fransada Nizami Gəncəvinin 870, Məhsəti Gəncəvi yaradıcılığının isə 900 illiyinə həsr olunmuş tədbirlər keçiriləcək

Fransada Nizami Gəncəvinin 870, Məhsəti Gəncəvi yaradıcılığının isə 900 illiyinə həsr olunmuş tədbirlər keçiriləcək
# 08 noyabr 2013 16:06 (UTC +04:00)

Fonddan APA-ya verilən məlumata görə, noyabrın 12-də Paris şəhərinin 7-ci rayonunun meriyasının və Parisin Əlyazmalar və məktublar muzeyinin əməkdaşlığı ilə Nizami Gəncəviyə həsr olunmuş sərginin açılışı nəzərdə tutulur.

Sərgidə Nizami dövrünə aid edilən arxeoloji tapıntılar - Şirvanşahlar və Atabəylər dövrünün pul sikkələri, zərgərlik nümunələri, məişət əşyaları, orta əsrlərdə Azərbaycan rəssamlarının çəkdikləri miniatürlərin reproduksiyaları, miniatürlərin əks olunduğu çini qablar və “Xəmsə”yə daxil olan poemaların süjetləri əsasında işlənən xalça və batiklər nümayiş etdiriləcək.

Sərgidə eyni zamanda XIX əsrin sonu, XX əsrin əvvəlində Gəncədə çəkilmiş foto-şəkillər, mütəfəkkir şairin Gəncədəki məqbərəsinin maketi, Bakı, Sank-Peterburq, Moskva, Roma, Çeboksarı və Pekində ucalan abidələrinin fotoları və Heydər Əliyev Fondunun Nizami yaradıcılığına dair nəşrləri sərgilənəcək.

Noyabrın 13-də Parisdəki Azərbaycan Mədəniyyəti Evində Nizaminin sözlərinə bəstələnmiş mahnılardan ibarət konsert təşkil olunacaq.

Mədəni-kütləvi tədbirlərin 19 noyabrda Strasburqda keçirilməsi də nəzərdə tutulur.

YUNESKO-nun qərarı ilə Məhsəti Gəncəvinin 900 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə noyabrın son günlərində və dekabrda Fransanın Reyms və Myuluz şəhərlərində sərgi və konsert proqramları təşkil ediləcək. Tarixə ilk Azərbaycan şairəsi kimi daxil olan Məhsətinin yaradıcılığına həsr olunmuş tədbirlər tamaşaçılara istedadlı şairənin fəlsəfi mahiyyəti ilə diqqəti cəlb edən poeziyası ilə yaxından tanış olmaq imkanı verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR