2015-ci ildən Azərbaycanda şagirdlər buraxılış imtahanlarında 5 fəndən imtahan verəcəklər

2015-ci ildən Azərbaycanda şagirdlər buraxılış imtahanlarında 5 fəndən imtahan verəcəklər
# 08 oktyabr 2013 11:33 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası növbəti il üçün qəbul imtahanlarının vaxtında müəyyən dəyişikliklər edilməsini nəzərdə tutub. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, həmin dəyişikliklər yalnız texniki xarakterlidir və qəbul imtahanlarının məzmununa aid deyil.

Belə ki, gələn il qəbul kampaniyası zamanı əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının aprel ayında keçirilməsi nəzərdə tutulur. Həmin ilin məzunları, yəni orta məktəbi 2014-cü ildə bitirənlər qəbul imtahanlarını həmişəki kimi iyul ayında verəcəklər. Ali təhsil müəssisələrini 2014-cü ildə bitirib ikinci ali təhsil almaq istəyən məzunlar, eləcə də həmin ildə orta ixtisas təhsil müəssisələrini bitirib ali təhsil almaq istəyən məzunlar da iyulda imtahan verəcəklər. Həm əvvəlki illərin, həm də orta məktəblərin 2014-cü il məzunları ixtisas seçimini eyni vaxtda – ali təhsil müəssisələrinə bütün qəbul imtahanları başa çatdıqdan sonra edəcəklər.

Digər nəzərdə tutulan yenilik isə 9 illik təhsil bazası üzrə buraxılış imtahanlarının nəticələri ilə eyni zamanda orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) yerləşdirmənin aparılmasıdır. Yəni bu imtahan 9-cu sinfi bitirən şagirdlərə şəhadətnamələrin verilməsi üçün əsas olmaqla yanaşı, həmin şagirdlər arasından kolleclərə qəbul olmaq istəyənlər üçün qəbul imtahanı rolu oynayacaq. Beləliklə, 2014-cü ildə 9 illik təhsil bazası üzrə kolleclərə həmin ilin məzunları üçün ayrıca qəbul imtahanı keçirilməyəcək. Orta ixtisas təhsil müəssisələrinə 9 illik təhsil bazasında ayrıca imtahan yalnız əvvəlki illərin məzunları üçün həyata keçiriləcək.

2014-cü ildə buraxılış imtahanları yenə də Ana dili və riyaziyyat fənlərindən olacaq. 2015-ci ildən isə şagirdlər Ana dili və riyaziyyat fənləri ilə yanaşı, əlavə 3 fəndən də imtahan verəcəklər. Bu zaman şagirdlər imtahan verəcəkləri digər 3 fənni onlara təqdim olunacaq fənlər içərisindən özləri seçəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR