Tiflisdə Mirzə Şəfi Vazehin 220 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib

Tiflisdə Mirzə Şəfi Vazehin 220 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib
# 03 may 2014 15:45 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Gəncə Dövlət Universitetinin nümayəndə heyəti böyük Azərbaycan şairi “Mirzə Şəfi Vazehin irsini öyrənirik” layihəsi çərçivəsində Gürcüstana səfərə gəlib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, qonaqlar öncə Heydər Əliyevin Tiflisdəki büstü önünə gül-çiçək dəstələri qoyduqdan sonra şəhərdəki Nəbatat Bağına baş çəkib və burada uyuyan Azərbaycanın ictimai-siyasi xadimlərinin qəbirlərini, eyni zamanda XIX əsrin görkəmli Azərbaycan şairi Mirzə Şəfi Vazehin qəbrini ziyarət ediblər.

Qonaqlar Tiflisdəki 73 nömrəli Azərbaycan orta məktəbində də olaraq, pedaqoji kollektivlə görüşüb. Sonra Gürcüstan paytaxtındakı M.F.Axundov adına Mədəniyyət Muzeyində M.Ş.Vazehin 220 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib. Ziyalıların, tələbə və gənclərin, şair və yazıçıların qatıldığı elmi konfransda Gəncə Dövlət Universitetinin dekanı, professor Mübariz Yusifov “Mirzə Şəfi Vazeh poeziyası zahiri, batini və bəşəri kontekstdə” adlı mövzuda çıxış edib, Vazeh poeziyasının xüsusiyyətləri barədə fikirlərini bildirib.

Gəncə Dövlət Pedaqoji Universitetinin dosenti, kafedra müdiri Allahverdi Quliyev “Mirzə Şəfi Vazehin pedaqoji görüşləri” adlı məruzə ilə çıxış edib.

Hər iki məruzə konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Sonra tələbələr Azərbaycan, ingilis, rus, fransız və alman dillərində görkəmli Azərbaycan şairinin şeirlərini səsləndiriblər. Tədbirdə qeyd olunub ki, universitet rəhbərliyi görkəmli şairin 220 illik yubileyi ilə əlaqədar “Mirzə Şəfi Vazeh irsinin öyrənilməsi” layihəsini davam etdirir və bu istiqamətdə geniş tədbirlər planı təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR