Bu il Azərbaycan sahibkarlarına 50 mln. manat güzəştli kreditlər verilib

Bu il Azərbaycan sahibkarlarına 50 mln. manat güzəştli kreditlər verilib
# 15 fevral 2013 14:42 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Ağstafa rayonunun Vurğun qəsəbəsində «Sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Gəncə-Qazax iqtisadi rayonuna daxil olan şəhər və rayonlarda fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak edib.

Tədbir çərçivəsində SKMF tərəfindən Ağstafa rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və Fond tərəfindən rayonda prioritet hesab olunan müasir çörək zavodunun, müasir heyvandarlıq, üzümçülük təsərrüfatlarının və üzüm emalı (qurudulması) müəssisəsinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və digər metodiki materiallar sahibkarlara təqdim olunub.

Tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini bildirib, sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi tədbirləri barədə məlumat verib.

Nazirliyin Gəncə-Qazax regional bölməsinin müdiri Elbrus Hüseynov isə «Azərbaycan regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»na uyğun olaraq, Gəncə-Qazax iqtisadi rayonunda, o cümlədən Ağstafada görülən işlər və həyata keçiriləcək tədbirlərdən danışıb.

Öz növbəsində SKMF-ın icraçı direktoru Şirzad Abdullayev 2013-cü ildə Fondun fəaliyyətinin əsas istiqamətləri barədə tədbir iştirakçılarına məlumat verib və qeyd edib ki, bu ilin ötən dövrü ərzində 278 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 50 mln. manat güzəştli kreditlərinin verilməsi təmin olunub, bu layihələrin reallaşması 1 400-dən çox yeni iş yerinin yaradılmasına imkan yaradır.

«Son illər ərzində Fond tərəfindən Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2 700-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 95,8 mln. manat, o cümlədən müasir texnologiyaların tətbiqinə əsaslanan 29 layihənin maliyyələşdirilməsinə 44,9 mln. manat güzəştli kreditlər verilib. Verilmiş güzəştli kreditlər hesabına 18 minə yaxın yeni iş yerləri yaradılıb», - deyə Ş.Abdullayev bildirib.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Ağstafa və ətraf rayonlarda fəaliyyət göstərən 44 sahibkara 628 min manat güzəştli kredit verilib ki, bu kreditlər hesabına 80-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR