“Xaricdə Təhsil üzrə I Ümumrespublika IDP Kuboku” müsabiqəsi elan edilib

“Xaricdə Təhsil üzrə I Ümumrespublika IDP Kuboku” müsabiqəsi elan edilib
# 01 may 2013 10:48 (UTC +04:00)

Bakı – APA-Economics. “IDP Azerbaijan” xaricdə təhsil təşkilatı Heydər Əliyevin xatirəsinə həsr olunan və 10 may 2013-cü il tarixində keçiriləcək “Xaricdə Təhsil üzrə I Ümumrespublika IDP Kuboku” müsabiqəsini elan edir.

APA-Economics”in xəbərinə görə, müsabiqənin məqsədi müxtəlif proqramlar üzrə xaricdə təhsil imkanları barəsində gənclərin maarifləndirilməsi, eyni zamanda istedadlı və perspektivli gənclərin üzə çıxarılmasından ibarətdir.

Müsabiqə Bakı şəhəri ilə yanaşı, Azərbaycanın bütün şəhər və rayonlarını əhatə edir. Müsabiqədə iştirak ərizələri qəbulu 30 aprel 2013-cü il tarixində başlayacaq və 8 may 2013-cü il tarixində Bakı vaxtı ilə saat 12:00-da yekunlaşacaq. Bunun üçün onlayn ərizə formasını, http://idp.az/app/, doldurmaq tələb olunur. 18 yaşdan yuxarı hər bir Azərbaycan vətəndaşı müsabiqədə iştirak etmək üçün müraciət edə bilər.

Müsabiqə 10 may 2013-cü il tarixində Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi-44 ünvanında yerləşən “Caspian Plaza”nın 7-ci mərtəbəsində, GRBS Beynəlxalq Tədris Mərkəzində keçiriləcək. İştirakçılar həmin gün elan olunacaq mövzu üzrə ingilis dilində inşa yazacaqlar. Yazılan inşalar ingilis dili üzrə ekspertlərdən təşkil olunmuş komissiya tərəfindən beynəlxalq IELTS testinin standartları ilə yoxlanacaq və qaliblər 7 gün ərzində müəyyənləşəcək.

Müsabiqənin mükafat fondunun dəyəri 10 000 AZN təşkil edir. Ümumilikdə 10 mükafatdan ibarət olacaq müsabiqənin 1 nəfər qalibi təşkilatçılar tərəfindən Böyük Britaniyaya ingilis dilinin təkmilləşdirilməsi kursuna göndəriləcək. Qalibin kurs ilə yanaşı, aviabilet, viza xərcləri də “IDP Azerbaijan” tərəfindən qarşılanacaq. Mükafatlar arasında GRBS-də ingilis dili kurslarında iştirak üçün vauçerlər, güzəştlər, IELTS testinə hazırlıq və rəsmi IELTS testində iştirak vauçerləri yer alıb. Bu mükafatlarla yanaşı, müsabiqənin 10 qalibinə müxtəlif pul mükafatları da təqdim ediləcək.

IDP-nin Azərbaycan nümayəndəliyi ölkədə müasir təhsil xidmətləri bazarında öz xüsusi çəkisi ilə fərqlənən və öz fəaliyyəti ilə Azərbaycanda beynəlxalq təhsil sistemlərinin uğurlu tətbiqini əsas tutan GRBS Şirkətlər Qrupuna daxildir. 40 ildən artıq təcrübəyə malik, dünyanın ən nəhəng xaricdə təhsil qurumu və IELTS testinin sahiblərindən biri olan IDP təşkilatı 2011-ci ildən rəsmi françayz olunmuş partnyoru kimi IDP-nin Azərbaycan nümayəndəliyi ilə müqavilə imzalayıb. Bu müqavilə əsasında IDP-nin Azərbaycan nümayəndəliyi rəsmi IELTS testlərini təşkil edir, həmçinin Azərbaycan gənclərinin Böyük Britaniya, ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiyaya xaricdə təhsil məqsədləri üçün göndərilməsini həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR