Elmar Məmmədyarov: Azərbaycan Şərq Tərəfdaşlığının imkanlarından istifadə edərək AB ilə əməkdaşlığı uğurlu şəkildə davam etdirir

Elmar Məmmədyarov: Azərbaycan Şərq Tərəfdaşlığının imkanlarından istifadə edərək AB ilə əməkdaşlığı uğurlu şəkildə davam etdirir
# 22 iyul 2014 21:59 (UTC +04:00)

Bakı-APA. Tərəfdaş dövlətlərin Avropa İttifaqı ilə əməkdaşlığında olan ikitərəfli çərçivə hər bir dövlətin fərdi maraqları əsasında Avropa İttifaqı ilə olan dialoqun inkişafı üçün əvəzsiz imkanlar yaradacaq. Şərq Tərəfdaşlığının yaratdığı imkanlarından istifadə edən Azərbaycan, ölkəmizin inkişaf gündəliyi və prioritetləri əsasında Avropa Birliyi ilə əməkdaşlığı uğurlu şəkildə davam etdirməkdədir. Azərbaycan XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu barədə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov iyulun 22-də Brüsseldə keçirilən Avropa Birliyi Şərq Tərəfdaşılığı proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin 5-ci görüşündə çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, Azərbaycan Vilnüs Sammiti Bəyannaməsinin həyata keçirilməsinə fəal dəstək göstərən ölkə olaraq, Avropa İttifaqının qabaqcıl təcrübələri və standartlarının ölkədə tətbiq edilməsi istiqamətində ciddi səylər göstərib: “Biz vətəndaşlarımızın təhlükəsiz mühitdə səmərəli idarə olunan mobilliyinin Şərq Tərəfdaşlığının önəmli elementlərindən biri olduğunu qəbul edərək, Yerdəyişmə üzrə tərəfdaşlığı, Viza rejiminin sadələşdirilməsi və Readmissiya Sazişinə imza atdıq. Qarşıdakı aylarda qüvvəyə minəcək son iki saziş vətəndaşlarımız arasında ticarət və mədəni əlaqələrin yaxşılaşmasına kömək göstərəcək və eyni zamanda miqrasiya məsələlərinin səmərəli şəkildə həllinə şərait yaradacaq”.

Elmar Məmmədyarov Avropa Komissiyasının prezidenti Xose Manuel Barrossonun iyunda Azərbaycana etdiyi səfəri zamanı imzalanmış Azərbaycanın Avropa İttifaqı proqramlarında iştirakı barədə olan Protokolun avro-inteqrasiya prosesində daha bir önəmli hadisə olduğunu qeyd edib: “Bu çərçivə sənədi Azərbaycanın təsisatları və vətəndaşlarının Avropa İttifaqının təhsil, araşdırma, mədəniyyət, incəsənət, elm və bir sıra digər sahələri əhatə edən proqramlarında iştirakına şərait yaradacaq. Gələcəkdə də, Azərbaycanın təsisatları və Avropa Birliyinin müvafiq agentlikləri arasında imkanların artırılması və əsas sahələrdə ekspertlərin mübadiləsi üzrə əməkdaşlığın yaxşılaşacağına inanırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR