İƏT baş katibi: "İslam Həmrəylik Oyunlarının Avropa Oyunları səviyyəsində keçiriləcəyinə əminəm"

İƏT baş katibi: "İslam Həmrəylik Oyunlarının Avropa Oyunları səviyyəsində keçiriləcəyinə əminəm"
# 25 avqust 2015 12:44 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən APA-ya verilən məlumata görə, İyad bin Amin Mədəni birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili ilə əlaqdar Azərbaycanı təbrik edərək, 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunlarının da eyni səviyyədə keçiriləcəyinə əminliyini vurğulayıb. Azərbaycanın İƏT-in üzvü kimi fəal rolunu yüksək qiymətləndirən baş katib, Bakının təşkilatın qarşısında duran iqtisadi, siyasi və humanitar hədəflərin həyata keçirilməsində verdiyi töhfələrinin təqdirəlayiq olduğunu qeyd edib.

Azərbaycanın İƏT ilə əlaqələrinə xüsusi önəm verdiyini vurğulayan nazir Elmar Məmmədyarov isə İƏT-in üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli mühit yaratdığını nəzərə çatdırıb. İslam ümməti daxilində həmrəyliyin vacibliyini qeyd edən E. Məmmədyarov İƏT-in İslam dünyasının üzləşdiyi problemlərin müzakirəsi və həlli üçün vacib mexanizm olduğunu bildirib.

Nazir İƏT tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzünün qəti şəkildə pislənilməsi, münaqişənin beynəlxalq hüququn prinsipləri, xüsusilə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin dəstəklənməsinə dair mövqeyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. O, xüsusilə Avropada olmaqla, İslamafobiya meyllərinin artmasına münasibətdə narahatlığı ifadə edərək, Azərbaycanın bütün səviyyələrdə bu məsələni qaldırdığını söyləyib.

Görüşdə İƏT-in fəaliyyət mexanizmləri, prioritet istiqamətləri, qarşıdan gələn yüksək səviyyəli tədbirlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR