Azərbaycanda piratçılığın səviyyəsi müxtəlif seqmentlər üzrə 9-28%-i aşağı düşüb

Azərbaycanda piratçılığın səviyyəsi müxtəlif seqmentlər üzrə 9-28%-i aşağı düşüb
# 23 aprel 2013 09:34 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. Pirat nüsxələrin istehsalının və yayılmasının qarşısının alınması üçün əsərlərin, fonoqramların, kompüter proqramlarının və tərkibində əqli mülkiyyət hüququnun obyektləri olan digər malların nüsxələrinin hər birinə xüsusi nəzarət markaları yapışdırılacaq.

APA-nın məlumatına görə, bunu Heydər Əliyevin 90 illik yubileyi münasibətilə və 23 aprel - “Ümumdünya kitab və müəlliflik hüququ günü”nə həsr olunan tədbirdə Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib.

K.İmanov bildirib ki, hazırda agentlik müəllif-hüquq sahəsində 70-dək vəzifə və funksiya yerinə yetirir: “Azərbaycan MDB məkanında əsərlərin könüllü qeydiyyat sistemini tətbiq edən ilk ölkələrdən biridir. Əsərlərin qeydiyyat sisteminin tətbiqinə 1996-cı il martın 12-dən başlanılıb. Həmin vaxtdan indiyə kimi agentlikdə 5840 müəllifə - hüquq sahibinə məxsus olan 8765 əsər qeydiyyatdan keçirilib. Qeydiyyat elektron qaydada aparılır. Bununla əlaqədar xüsusi olaraq “Elektron xidmət” bölməsi yaradılıb”.

O qeyd edib ki, hüquqların təminatı, pitratçılıqla mübarizə son vaxtlar daha da gücləndirilib. Müvafiq dövlət orqanları ilə birgə həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə piratçılığın səviyyəsi 2005-ci illə müqayisədə 2012-ci ildə müxtəlif seqmentlər üzrə 9-28%-i aşağı düşüb: “Hazırda piratçılığın səviyyəsi kitab bazarında 33%, audio-video məhsul bazarında 68%, proqram təminatı sahəsində 87% təşkil edir. “Əqli mülkiyyətin hüquqlarının təminatı və piratçılıqla mübarizə haqında” qanunun qüvvəyə minməsi ilə piratçılıqla mübarizə sahəsində ölkəmizdə yeni mərhələ başlayıb. Qanunun qəbul edilməsi ilə əlaqədar hazırda rəqəmsal şəbəkələrdə lisenziyalaşdırma və rəqəmli hüquqların idarə edilməsi üzrə elektor xidmətlər sisteminin formalaşdırılması işi başa çatmaqdadır. Bu sistem vasitəsilə kommersiya məqsədilə yayılan əsərlərə, fonoqramlara, audiovizual əsərlərə və tərkibində əqli mülkiyyət olan digər mallara rəqəmsal kodlar veriləcək”.

Agentliyin rəhbəri onu da bildirib ki, qurumun nəzdində fəaliyyət göstərən 960 saylı “Qaynar xətt”ə hər il 700-dən çox müraciət daxil olur: “Keçən il isə müəllif-hüquq məsələləri ilə bağlı “Hüquq məsləhətxanası”na 500-dən çox vətəndaş müraciət edib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR