İran sanksiyalara baxmayaraq neft ixracını artırır

İran sanksiyalara baxmayaraq neft ixracını artırır
# 28 mart 2013 20:46 (UTC +04:00)

Bakı-APA. İran Avropa Birliyinin və ABŞ-ın sanksiyalarına baxmayaraq neft ixracının həcmini artırır. APA-nın “Vesti”yə istinadən verdiyi xəbərə görə, bir gün öncə 2 mln barel neft daşımaq imkanı olan Çin tankeri İranın ən iri ixrac terminalında yan alıb.

Məlumata görə, İranla yüklərin sığortalanmasına Avropa Birliyinin keçən ilin iyulunda tətbiq etdiyi qadağadan sonra Çinin bu tip iri tankeri İran limanına ilk dəfədir ki daxil olur. Beləliklə Çin yenidən İrandan böyük həcmdə neft tədarükü görməyə başlayıb.

Qeyd edək ki, Yaponiya həmçinin bu ilin fevralında İran neftinin idxalını 321 min barelədək artırıb. Bu rəqəm 2012-ci ilin mart ayından ən yüksək göstəricidir.

İranın iqtisadiyyatına ciddi zərbə vurmuş sanksiyalara baxmayaraq, neft məhsullarının daşımaları ilə məşğul olan şirkətlər qadağaları yan keçmək üçün müxtəlif üsullardan istifadə edirlər. İran şirkətlərinin bu üsullara gəlirlərinin 30 faizədək məbləğini sərf etməsinə baxmayaraq, bu onlara Avropa Birliyi və ABŞ-ın təzyiqi şəraitində uğurlu fəaliyyətini davam etməyə imkan verir.

Məlumatda qeyd olunur ki, bu cür üsullardan biri də İran neftinin İraq neftinə “çevrilməsi” sxemidir. Bu halda rəsmi Tehran nefti yük maşınları ilə ixrac edərək onu İraq nefti kimi sənədləşdirir. İraq şirkətləri ilə fəal əməkdaşlıq edən İran şirkətləri asanlıqla sənədləşməni həyata keçirir və “qara qızıl” qısa vaxt ərzində “vətəndaşlığını” dəyişir.

İxrac dəniz nəqliyyatı ilə həyata keçirildikdə isə, tankerlər mənzil başına yaxınlaşdıqda, adətən, fərqləndirici fənərlərinin söndürüb nefti başqa gəmilərə yükləyirlər. Bu növ ticarətin əsas bazarı kimi Birləşmiş Ərəb Əmirliklərindəki Fuceyrə limanı göstərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR