KOSGEB nümayəndələri Azərbaycanda səfərdədir

KOSGEB nümayəndələri Azərbaycanda səfərdədir
# 03 aprel 2013 13:38 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Türkiyənin Elm, Sənaye və Texnologiya Nazirliyinin Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatının (KOSGEB) nümayəndələri Azərbaycanda səfərdədir.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, səfər çərçivəsində İqtisadi İnkişaf Nazirliyi ilə KOSGEB arasında imzalanmış “İqtisadi əlaqələrin və əməkdaşlığın təşviq edilməsi haqqında” Protokol üzrə İşçi Qrupunun ilk iclası keçirilib.

Tədbirdə çıxış edən Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan iqtisadiyyatı, ölkədə yaradılmış makroiqtisadi sabitlik, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülmüş işlər, sahibkarlığa dövlət dəstəyi tədbirləri, əlverişli biznes və investisiya mühiti barədə məlumat verib. Qeyd edib ki, bu gün Azərbaycan və Türkiyə arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələr uğurla inkişaf edir.

N.Səfərov “İqtisadi əlaqələrin və əməkdaşlığın təşviq edilməsi haqqında” Protokol üzrə İşçi Qrupunun yaradılmasının da ikitərəfli iqtisadi əlaqələrin inkişafı, təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğunu bildirib.

Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov çıxışında İqtisadi İnkişaf Nazirliyi ilə Türkiyənin KOSGEB təşkilatı arasında imzalanmış “İqtisadi əlaqələrin və əməkdaşlığın təşviq edilməsi haqqında” Protokol üzrə İşçi Qrupunun fəaliyyəti və görəcəyi işlər barədə məlumat verib və bildirib ki, 2006-cı ildə imzalanmış sənədin əsas məqsədi Azərbaycanın və Türkiyənin kiçik və orta sahibkarları arasında müxtəlif sahələrdə iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi, hər iki ölkədə fəaliyyət göstərən kiçik və orta sahibkarların beynəlxalq bazarda rəqabətinin inkişafına dəstək göstərilməsi, təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsidir. Bu məqsədlə yaradılmış İşçi Qrupu çərçivəsində hər iki ölkənin KOS-ları arasında müxtəlif sərgi, seminar və tədbirlərə dair məlumat mübadiləsinin, iş adamlarının qarşılıqlı səfərlərinin təşkili, KOS-lara dəstək siyasəti və bu sahədə tətbiq edilən modellər barədə sahibkarların məlumatlandırılması və s. tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

KOSGEB-in vitse-prezidenti Salih Tuna Şahin İşçi Qrupunun kiçik və orta sahibkarlıq sahəsində fəaliyyət göstərən iş adamları arasında əlaqələrin inkişafı, hər iki ölkənin KOS-ları arasında təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Tədbirdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya mühiti, həmçinin Azpromo-nun fəaliyyəti barədə məlumat verib.

Aprelin 5-dək davam edəcək səfər çərçivəsində Türkiyənin Elm, Sənaye və Texnologiya Nazirliyinin Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatının nümayəndələri görüşlər keçirəcək, bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR