Xələf Xələfov İranın İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının rəhbərini qəbul edib

Xələf Xələfov İranın İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının rəhbərini qəbul edib
# 03 dekabr 2014 17:06 (UTC +04:00)

Bakı – APA. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov İran İslam Respublikasının İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının rəhbəri Əbuzər İbrahimi Türkmanı qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı X. Xələfov Azərbaycan-İran əlaqələrinin inkişafından məmnunluğunu ifadə edərək, İran prezidenti Həsən Ruhaninin ölkəmizə səfəri çərçivəsində imzalanmış sənədlərin iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafının bariz nümunəsi olduğunu vurğulayıb.

Regional sülh və təhlükəsizlik məsələlərinə toxunan X. Xələfov Dağlıq Qarabağ münaqişəsi məsələsində İranın mövqeyinin və nümayiş etdirdiyi siyasi iradənin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Ə. Türkman isə ölkələrimiz arasında zəngin tarixi-mədəni əlaqələrin mövcudluğunu qeyd edib və bu əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. O, rəhbərlik etdiyi təşkilat barəsində məlumat verərək, onun dünyanın 60-dan çox ölkəsində fəaliyyət göstərdiyini və ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.

Ə. Türkman Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır nəticələrinin İranı narahat etdiyini də əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR