Bəzi dərmanların Azərbaycana idxalının və satışının dayandırılmasının səbəbi açıqlanıb

Bəzi dərmanların Azərbaycana idxalının və satışının dayandırılmasının səbəbi açıqlanıb
# 06 fevral 2013 13:27 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov Farmakoloji və Farmokopeya Ekspert Şurasının qərarı ilə Azərbaycana idxalı dayandırılan və satışı qadağan edilən dərman preparatlarının zərərli təsirləri barədə məlumat verərkən deyib. O bildirib ki, 2012-ci ildə Respublika Narkoloji Mərkəzinə müraciət edən xəstələrin (Alkoqolizm istisna olmaqla) 45%-dan yuxarı hissəsi narkotik maddələrlə yanaşı, sedativ və hallusinogen təsirə malik dərman vasitələrindən istifadə edənlər təşkil edib. Onun sözlərinə görə, ən çox rast gəlinən dərman vasitələri, oftalmologiyada istifadə olunan “Tropin” (tropikamid), ”Midriasil” (tropikamid), depressiyaların müalicəsində istifadə olunan “Koaksil” (tianeptin) və qıcolma əleyhinə təsir göstərən, həmçinin neyropatik ağrıkəsici olan “Lirika” (preqabalin) preparatıdır: “Adları çəkilən dərman vasitələrinin apteklərdən reseptsiz buraxılması, narkotik maddə istifadəçilərinin onları asanlıqla əldə etməsinə şərait yaradır. Bu dərman vasitələri narkotik maddələrlə birlikdə və ya tək istifadə olunur. Narkotik maddə ilə birlikdə istifadə olunduqda, narkotik maddənin narkogenlik xüsusiyyətini artırır və vaxtını uzadır. Tək istifadə olunduqda isə hər biri “Tropin”, “Midriasil” (tropikamid) oftalmologiyada diaqnostik və müalicə məqsədi ilə istifadə olunan damcı şəklində dərman preparatı olmasına baxmayaraq, narkotik maddə istifadəçiləri onlardan inyeksion yolla vena daxilinə və ya əzələ daxilinə istifadə edirlər. İstifadə zamanı “Tropin” və ya “Midriasil” qavrama pozğunluğu (hallusinasiya, illuziya) və eyforiyaya səbəb olur. Toksiki təsiri çox güclü olduğu üçün bütün daxili orqanlara qısa müddətdə öz mənfi təsirini göstərir. İnyeksiya yerlərində çətinliklə sağalan trofiki yaralar əmələ gətirir. Asılılıq qısa müddətdə formalaşır və çətinliklə götürülür”.

T. Məmmədhəsənov qeyd edib ki, “Lirika”, “Koaksil”, “Tropin” və “Midriasil” dərman vasitələrindən asılı şəxslərin ailə üzvlərinin, hüquq-mühafizə orqanlarının Respublika Narkoloji Mərkəzinə dəfələrlə edilən müraciətləri, xəstələr arasında rast gələn sui-istifadə və ağırlaşma halları, Mərkəzin rəhbərliyinin “Tropin”, “Midriasil”, “Lirika” və “Koaksil” preparatlarının ölkəyə idxalının qarşısının alınması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Farmakoloji və Farmakopeya Ekspert Şurasına müraciət etməsinə səbəb olub. Onun sözlərinə görə, Respublika Narkoloji Mərkəzində bu dərman preparatlarının qəbulu narahatçılıqlar yaradır. Belə ki, Mərkəzdə həyata keçirilən “Metadonla əvəzedici terapiya” proqramın iştirakçıları arasında da bu preparatlardan istifadə hallarına tez-tez rast gəlinir. Bu da proqramın səmərəliliyini çox aşağı salır.

Vətəndaşların bu preparatların qəbulundan sonra törətdikləri cinayət hadisələri zamanı, sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə mərkəzdə həyata keçirilən tibbi müayinələrdə və məhkəmə-narkoloji tibbi yoxlamada çətinlik yaradır. Saxlanılan şəxsin sərxoş vəziyyətdə olduğu görünsə də, heç bir üsulla sərxoşluğun hansı maddənin istifadəsi nəticəsində yaranmasını müəyyən etmək mümkün olmur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR