ASELSAN azərbaycanlı mütəxəssislərə milli kripto hazırlamağı öyrədəcək

ASELSAN azərbaycanlı mütəxəssislərə milli kripto hazırlamağı öyrədəcək
# 15 noyabr 2014 09:16 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Türkiyənin ASELSAN şirkəti Azərbaycan müdafiə sənayesinin imkan və potensialının artırılması istiqamətində yeni təşəbbüslər irəli sürüb.

ASELSAN şirkətindən APA-ya verilən məlumata görə, hazırda imzalanmış müqavilələr üzrə yeni texnologiyaların transferi istiqamətində müzakirələr aparan şirkət Azərbaycan müdafiə sənayesinin ehtiyac duyduğu sahələr üzrə mütəxəssislərin hazırlanmasına da kömək edir.

Şirkət TASMUS-2 Taktik Sahə Rabitə Sistemi layihəsi üzrə Azərbaycana milli kriptoları tərtib edəcək mütəxəssisləri hazırlamağı təklif edib. Layihə reallaşacağı təqdirdə azərbaycanlı mütəxəssislər ASELSAN Akademiyasında kriptoların hazırlanması ilə bağlı təlim kurslarına cəlb olunacaqlar.

“Bununla yanaşı, TASMUS-2 layihəsinə Azərbaycan müdafiə sənayesinin qatqısının təmin edilməsi üçün müəyyən sistemlərin Azərbaycanda istehsalı nəzərdə tutulur”, - deyə şirkətdən bildirilib.

Qeyd edək ki, TASMUS-2 sisteminin qurulması ilə Azərbaycan Silahlı Qüvvələri və güc strukturları möhkəmləndirilmiş və etibarlı rabitəsi təmin olunacaq. Hazırda dünyada ən müasir Taktik Sahə Rabitə Sistemi sayılan ASELSAN-ın TASMUS-2 sistemi qoşunlara sabit və qorunmuş rabitə əlaqəsi, hərbi radiostansiyalar üzərindən TETRA, mobil və sabit şəbəkələrə çıxış, internetə qoşula bilmə, informasiyaların və görüntünün real vaxt rejimində ötürülməsi və s. imkanlar verir.

Xatırladaq ki, Türk Silahlı Qüvvələrini Gücləndirmə Fondunun (TSKGV) qurumu olan ASELSAN 1975-ci ildə fəaliyyətə başlayıb. ASELSAN 2014-cü ildə dünyanın 100 ən böyük müdafiə sənayesi şirkətinin arasında 67-ci yerdə qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR