Avropa Birliyi Yunanıstana maliyyə yardımı göstərilməsini təxirə salıb

Avropa Birliyi Yunanıstana maliyyə yardımı göstərilməsini təxirə salıb
# 10 fevral 2012 08:52 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu qərar avrozona ölkələrinin maliyyə nazirlərinin Brüsseldə başa çatan görüşündə qəbul edilib.

İclasdan sonra jurnalistlərə açıqlama verən Avropa Qrupunun sədri Jan-Klod Yunker bildirib ki, son günlər əldə olunmuş uğurlara baxmayaraq, kreditorların bütün tələbləri yerinə yetirilməyib və bütün məsələlər aydınlaşdırılmayıb: “Bununla əlaqədar Yunanıstana maliyyə yardımı göstərilməsinə dair qərar hələlik qəbul edilməyib”.

“İlk növbədə Yunanıstan parlamenti fevralın 12-də keçiriləcək iclasında ölkənin partiyaları tərəfindən razılaşdırılmış yeni maliyyə yardımı proqramının şərtlərinə dair sazişi təsdiqləməlidir. İkincisi, 2012-ci il üçün 325 mln. avro həcmində xərclərin əlavə struktur ixtisarı zəruridir. Həmçinin biz Yunanıstan koalisiyasının liderlərinin islahatlar proqramının həyata keçirilməsində əminliyini bilmək istəyirik” – deyə J.K.Yunker qeyd edib.

Qeyd edək ki, fevralın 9-da Yunanıstanın üç aparıcı partiyasının liderləri Avropa Birliyi və Beynəlxalq Valyuta Fondu tərəfindən ayrılacaq yeni maliyyə yardımı proqramının şərtlərini razılaşdırıb. Ölkənin koalision hökumətindən bildirilib ki, bir məsələdən başqa bütün bəndlər üzrə razılıq əldə olunub. Hakim koalisiya cari ildə dövlət xərclərini 3,3 mlrd. avro ixtisar etməyə, əmək haqqının minimum həcmini 22% azaltmağa razılaşıb. Bundan başqa, 2015-ci ilə qədər Yunanıstanın dövlət sektorunda çalışan 150 min nəfər ixtisar olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR