Əlil arabasında rəqs üzrə qitələarası yarışda Azərbaycan 3-cü yeri tutub

Əlil arabasında rəqs üzrə qitələarası yarışda Azərbaycan 3-cü yeri tutub
# 10 sentyabr 2012 15:35 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən əlil arabasında rəqs üzrə “Qitələr kuboku-2012” beynəlxalq çempionatında Azərbaycan təmsilçiləri üçüncü yerə layiq görülüb və bürünc medala sahib olublar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, Azərbaycanı təmsil edən birinci qrup əlillər Kamal Məmmədov və Vüsalə Kərimova 20-dən çox ölkədən 82 nəfər əlilliyi olan şəxsin iştirak etdiyi yarışda bu yeri tutublar.

2012-ci ilin “İdman ili” elan olunması ilə əlaqədar ƏƏSMN tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycanda əlil arabasında rəqsin geniş tətbiqi istiqamətində müvafiq işlər aparılır. Həmçinin “2012-ci il üçün əlillərin sosial müdafiəsi tədbirlərinin maliyyələşməsi ilə bağlı Tədbirlər Planı”nda nəzərdə tutulan tədbirlər sırasında yeni reabilitasiya modellərindən biri kimi əlil arabasında rəqs üzrə tədbirlərin təşkili də yer tutur.

Bununla əlaqədar nazirlik tərəfindən Azərbaycanda əlilliyi olan şəxslərin qeyd olunan rəqs növü üzrə xarici ölkələrdə təlim kursları keçmələri, müxtəlif beynəlxalq səviyyəli yarışlarda iştirak etmələri təmin olunur. Qeyd edək ki, bundan öncə cari ilin mayın 5-6-da Belarusun paytaxtı Minsk şəhərində keçirilən əlil arabasında rəqs üzrə beynəlxalq səviyyəli çempionatda da Kamal Məmmədov və Vüsalə Kərimova üçüncü yerə layiq görülərək bürünc medala sahib olmuşdular.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR