Azərbaycanın Türkiyədəki səfirliyi Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı xatirə tədbirləri təşkil edib

Azərbaycanın Türkiyədəki səfirliyi Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı  xatirə tədbirləri təşkil edib
# 24 fevral 2012 01:36 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın Türkiyədəki səfirliyi, Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı planlaşdırdığı silsilə tədbirlər çərçivəsində Türkiyənin nüfuzlu universitetlərindən biri olan Qazi Universiteti ilə birgə geniş tərkibli xatirə tədbiri təşkil edib.
Səfirlikdən APA-ya verilən məlumata görə, tədbir eyni zamanda Azərbaycan Tibb Universitetinin də təşkil etdiyi xatirə tədbiri ilə eyni zamanda İctimai Televiziya və TRT Avaz televiziya kanalları vasitəsilə tele körpü formatında həyata keçirilib.
Tədbirdə səfir Faiq Bağırov başda olmaqla səfirliyin əməkdaşları, millət vəkili Qənirə Paşayeva, Türkiyənin millət vəkili Yusuf Halaçoğlu, Qazi Universitetinin Rektoru Rza Ayhan, Universitetin professor müəllim heyəti və çox sayda tələbəsi, ictimaiyyət nümayəndələri, diaspor və KİV nümayəndələri iştirak ediblər.
Qazi Universitetindəki anım tədbiri iki mərhələdən ibarət olub. Tədbirin birinci mərhələsi açıq havada çox sayda insanın iştirakı ilə mitinq formatında həyata keçirilib və nəhəng ekran vasitəsilə Bakıda Azərbaycan Tibb Universiteti tərəfindən təşkil olunmuş tədbirlə eyni vaxtda ünsiyyət qurularaq çıxışlar gerçəkləşdirilib.
Belə ki, Rektor Rza Ayhan, millət vəkili Qənirə Paşayeva və Türkiyənin millət vəkili Yusuf Halaçoğlu Xocalı Soyqırımı ilə bağlı tədbir iştirakçılarına öz səmimi duyğu və fikirlərini çatdırıblar.
Söz həmçinin səfir Faiq Bağırova da verilib. Səfir öz çıxışında Xocalı soyqırımının mahiyyətindən və hadisənin baş verməsindən ətraflı şəkildə bəhs edib, Azərbaycan xalqının dövlətçiliyi uğrunda etdiyi fədakarlıqlardan və tökülən qanların heç də hədər getmədiyindən əsaslar gətirərək söz açıb.
Daha sonra tədbirin ikinci mərhələsi Universitetin “Memar Kəmaləddin” konfrans zalında davam edib. Burada tədbir iştirakçılarına Xocalı soyqırımı ilə bağlı hazırlanmış müfəssəl sənədli film nümayiş etdirilib.
Ardından Universitetin Rektorluq binasının sərgi salonunda Xocalı Soyqırımı ilə bağlı təşkil olunmuş foto və rəsm sərgisi açıq elan olunub.
Tədbirlər zamanı Xocalıya Ədalət beynəlxalq imza kampaniyasına böyük rəğbət olduğu müşahidə olunub, tədbir iştirakçılarına Xocalı soyqırımı ilə bağlı təbliğat xarakterli materiallarla yanaşı millət vəkili Qənirə Paşayevanın “Bağanıs Ayrım” adlı kitabı da təqdim olunub.
Həmçinin səfirliyimizin dəstəyi və İslam Konfransı Dialoq və Əməkdaşlıq Gənclər Forumunun təşkilatçılığı ilə Türkiyə Respublikası Xarici İşlər Nazirliyində geniş tərkibli konfrans və foto sərgi təşkil olunub.
Tədbirdə, Türkiyənin Xarici İşlər Nazirinin müavini Feridun Sinirlioğlu başda olmaqla Nazirliyin çox sayda yüksək səviyyəli rəsmiləri, Türkiyə Xarici İşlər Nazirinin həyat yoldaşı Sare Davutoğlu, Türkiyə Respublikası Gənclər və İdman Nazirinin müavini Hakan Hakyemez, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun Rəhbəri Necdet Ünüvar başda olmaqla Türkiyənin çox sayda millət vəkili, millət vəkili Qənirə Paşayeva, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, çox sayda ictimaiyyət, diaspor və KİV nümayəndələri iştirak ediblər.
Tədbirin ilk mərhələsi olan konfransda, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun Rəhbəri Necdet Ünüvar, millət vəkili Qənirə Paşayeva, Türkiyənin Gənclər və İdman Nazirinin müavini Hakan Hakyemez və Türkiyə Xarici İşlər Naziri adından Nazir müavini Fatih Ceylan çıxış ediblər.
Səfir Faiq Bağırov öz çıxışında ölkəmizin qanlı tarixindən, Xocalı soyqırımının canilərinin cəzalandırılmasının zəruriliyindən ətraflı şəkildə bəhs edib.
Ardından Xocalı soyqırımı ilə bağlı sənədli film və klip nümayiş etdirilib.
Daha sonra Xocalı soyqırımı ilə bağlı rəsm və foto sərgisi açıq elan edilib.
Tədbir zamanı Xocalıya Ədalət beynəlxalq imza kampaniyasına davam olunub, faciə ilə bağlı təbliğat xarakterli materiallar tədbir iştirakçılarına təqdim olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR