Azərbaycan “Junior Eurovision”da duet şəklində təmsil olunacaq

Azərbaycan “Junior Eurovision”da duet şəklində təmsil olunacaq
# 09 oktyabr 2012 20:39 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanı “Junior Eurovision” müsabiqəsindəki təmsilçisi müəyyənləşib. APA-nın məlumatına görə, təmsilçilik uğrunda beş azyaşlı istedad - Nərmin Həsənova, Ömər Sultanov, Qəmərtac Maqsudova, Suada Ələkbərova, Toğrul Kərimov hər biri iki mahnı ilə öz bacarığını nümayiş etdirib. Beş finalçıdan Suada Ələkbərova və Ömər Sultanov məhz münsiflər heyətinin qərarı ilə “Junior Eurovision”da Azərbaycanı təmsil etmək şansı qazanıblar. “Junior Eurovision”un milli finalı İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə (İTV) canlı yayımlanıb. Final mərhələsini “Eurovision 2012”nin aparıcılardan biri olan Leyla Quliyeva idarə edib.

Bu gün təşkil olunan milli finalda ekspert qismində xalq artisti Faiq Ağayev, “Eurovision” qalibi Eldar Qasımov, bəstəkarlar İsa Məlikov, Murad Arif, Ülviyyə Vəliyeva iştirak ediblər. Eyni zamanda azyaşlı istedadlara dəstək olmaq üçün “Eurovision 2012” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Səbinə Babayeva, Eldar Qasımov ifaları ilə dəstək olublar.

Azərbaycanın “Junior Eurovision”dakı qalibinin adlarını “Eurovision” mahnı müsabiqəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Hüsniyə Məhərrəmova elan edib. H.Məhərrəmova bildirib ki, Azərbaycana duet şəklində iştirak daima uğur qazanıb: “Biz bu ilki seçimlərdə çox da seçim qarşısında qalmadıq. Və biz valideynlərə müraciət edərək bildiririk ki, onlar istedadlı övladlarına diqqət göstərsinlər və növbəti dəfə biz daha böyük seçimlər qarşısında olaq. Azərbaycanın hər bir övladı istedadlıdır və biz bu istedadları dünyaya nümayiş etdirmək arzusundayıq. Azərbaycanın duet şəklində daima uğur qazandığını nəzərə alaraq, biz ilk dəfə təmsil olunduğumuz Uşaq Eurovision-da duet şəklində iştirak etmək qərarını verdik. Azərbaycana uğurlar arzulayırıq”. H.Məhərrəmova eləcə də münsiflər heyəti – Faiq Sücəddinov, Lalə Kazımova və Vüqar Camalzadəyə təşəkkür edir. Qalib dueti Eldar Qasımov öz ifası ilə təbrik edib.

Qeyd edək ki, Azərbaycan bu il 10-cu dəfə keçirilən “Junior Eurovision”da ilk dəfə təmsil olunacaq. Dekabrın 1-də Amsterdam baş tutacaq müsabiqədə 12 ölkənin iştirakı təsdiqlənib. Azərbaycanı bu yarışmada Suada Ələkbərova və Ömər Sultanov təmsil edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR