Beş partiya sədrinin bir müddət əvvəl keçirilən görüşünün bəzi təfərrüatları məlum olub

Beş partiya sədrinin bir müddət əvvəl keçirilən görüşünün bəzi təfərrüatları məlum olub
# 06 aprel 2012 13:39 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Müsavat, Xalq Cəbhəsi, Demokrat, Klassik Xalq Cəbhəsi və Milli İstiqlal partiyalarının rəhbərləri arasında bir müddət əvvəl keçirilən görüşlə bağlı bəzi məlumatlar açıqlanıb.

Partiyalardan birindəki mənbənin APA-ya bildirdiyinə görə, paytaxt restoranlarından birində çay süfrəsi arxasında keçirilən toplantıya bir saat gec qatılan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu həmkarlarının bəzilərini bir sıra məsələlərlə bağlı ittiham edib. Onun AXCP sədri Əli Kərimliyə, AMİP sədri Yusif Bağırzadəyə və Müsavat Partiyasının başqanı İsa Qəmbərə ünvanlanan iradlar səsləndirməsi ciddi mübahisələrə yol açıb. S. Cəlaloğlu bu görüşü siyasi oyunbazlıq adlandırıb və İsa Qəmbərin yenidən ölkə prezidentliyinə iddialı görünməsini düzgün hesab etməyib. S. Cəlaloğlu AMİP sədri Yusif Bağırzadənin Mərkəzi Seçki Komissiyasının üzvü olduğu zaman iqtidarla əməkdaşlığa getdiyini xatırladaraq, onun müxalifətin birliyi istiqamətindəki addımlarını qeyri-səmimi adlandırıb. S. Cəlaloğlu görüş iştirakçılarını Ümid Partiyasının sədri İqbal Ağazadənin prosesdən kənarda qoymaq niyyətini də pisləyib.

KXCP sədri Mirmahmud Mirəlioğlu da hazırkı məqamda bu formatda məsləhətləşmələrin mümkünsüzlüyünü açıqlayıb.

Mənbə bildirib ki, partiya sədrləri görüşə təşkilat rəhbəri kimi yox, fərd olaraq qatılıblar. Bu səbəbdən də görüşün rəsmi format kimi mətbuata ötürülməsi düzgün deyil. Görüşdə prosesin davam etdirilməsinə dair heç bir razılaşma da əldə olunmayıb.

Bununla belə, mənbə deyib ki, bu formatda görüşlərin keçirilməsində AXCP sədri Əli Kərimli də maraqlıdır: “Buna səbəb İctimai Palatada Əli Kərimlinin dayaqlarının zəifləməsi və yenidən Müsavat Partiyasının başqanı İsa Qəmbərin prezident seçkilərində namizədliyi istiqamətində təbliğata start verilməsidir. Əli Kərimli də prosesin inkişafına mane olmaq üçün AMİP xətti ilə addım atır. AMİP-in məqsədi isə Əli Kərimlini Etibar Məmmədovun prezidentliyə namizədliyini müdafiə etməyə razı salmaqdır. Bu səbəbdən Əli Kərimliyə yaxın olan mətbuat vasitələrinə Etibar Məmmədovun baş nazir postuna gətirilməsinə dair həqiqətə uyğun olmayan informasiyalar sızdırılır. Bu oyun Ə. Kərimli və E. Məmmədov tərəfindən qurulub.

ADP sədri Sərdar Cəlaloğlu APA-ya açıqlamasında görüşdə həmkarlarının ünvanına bəzi ittihamlar səsləndirdiyini və ciddi müzakirələr aparıldığını söyləyib: “İsa Qəmbərin və Əli Kərimlinin digər siyasi partiyalarla müttəfiqlikdən imtina etmələrinin, fəaliyyətlərini ancaq İctimai Palatanın sərhədləri çərçivəsində görmələrinin, özlərini digər partiyalardan üstün kimi göstərmələrinin Azərbaycanda demokratiyaya zərbə vurduğunu demişəm. Görüşdə bildirmişəm ki, yeni siyasi texnologiya tətbiq edə bilmir, bir növ iqtidarın arxasınca gedirik, siyasi gündəm müəyyənləşdirmirik. Bu cür fikriləri deməklə yanaşı, səbəblərini də göstərmişəm. Bildirmişəm ki, bu gün bir düşərgədə təmsil olunursunuz, amma bir-birinizə düşmən kimi davranırsınız”.

Qeyd edək ki, AMİP sədri Yusif Bağırzadə mətbuata müxalifətin inteqrasiyasına nail olmaq üçün təmsil etdiyi partiyanın təşəbbüsü ilə Müsavat, Xalq Cəbhəsi, Demokrat, Klassik Xalq Cəbhəsi və Milli İstiqlal partiyaları formatında dialoq istiqamətli görüşlərə start verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR