Ukraynanın baş naziri: “Transxəzər qaz kəməri layihəsinin reallaşdırılmasında maraqlıyıq”

Ukraynanın baş naziri: “Transxəzər qaz kəməri layihəsinin reallaşdırılmasında maraqlıyıq”
# 04 aprel 2012 11:01 (UTC +04:00)
APA-Economics”in Ukrayna hökumətinin İnformasiya və ictimaiyyətlə əlaqələr departamentinə istinadən xəbərinə görə, bu barədə Bakıda səfərdə olan Ukraynanın baş naziri Nikolay Azarov Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə bildirib.

Onun sözlərinə görə, Ukrayna enerjidaşıyıcılarının nəqlinin diversifikasiyası təşəbbüsünü dəstəkləyir: “Əgər Azərbaycan, Türkmənistan və Qazaxıstan Transxəzər qaz kəməri layihəsi ilə bağlı razılığa gələ bilsələr, Ukrayna bu layihənin reallaşdırılmasında iştirak etməkdə maraqlı olacaq”.

Öz növbəsində Azərbaycan prezidenti qeyd edib ki, Odessa-Brodı neft kəmərinin perspektivləri böyükdür: “bu layihə üzrə işləri aktivləşdirmək lazımdır”.

Xatırladaq ki, ötən il sentyabrın 7-də Avropa Birliyi Transxəzər layihəsi ilə bağlı Azərbaycan və Türkmənistanla danışıqlar aparmaq üçün Avropa Komissiyasına mandat verib. Sentyabrın 13-də Rusiya XİN bəyanatla çıxış edərək bildirib ki, 5 Xəzəryanı ölkə Xəzərin statusunu müəyyənləşdirənə qədər Transxəzər layihəsinin həyata keçirilməsi mümkün deyil. Buna baxmayaraq, Avropa Komissiyası Azərbaycan və Türkmənistanla Transxəzər qaz boru kəmərinin hüquqi bazası üzrə danışıqlara başlayıb.

Transxəzər qaz kəməri təbii qazın Azərbaycan ərazisi vasitəsilə Avropaya nəqli üçün Xəzərin Azərbaycan və Türkmənistan sahillərini birləşdirəcək. Tengiz (Qazaxıstan) - Türkmənbaşı (Türkmənistan) - Bakı (Azərbaycan) - Tiflis (Gürcüstan) - Ərzurum (Türkiyə) marşrutu ilə ildə 20-30 mlrd. kubmetr təbii qazın ixracı nəzərdə tutulur. Layihənin dəyəri 7,9 mlrd. avro məbləğində qiymətləndirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR