Dünya iqtisadiyyatına əsas təhlükə Avropadan gəlir

Dünya iqtisadiyyatına əsas təhlükə Avropadan gəlir
# 31 avqust 2012 11:01 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Dünya iqtisadiyyatında 2012-2013-cü illərdə enmə riskləri artıb və inkişafda olan bazarlarda iqtisadi artım sürəti gözlənildiyindən də aşağı olacaq. «APA-Economics»in məlumatına görə, bu barədə «Moody’s» beynəlxalq reytinq agentliyinin icmalında bildirilir. «Moody’s» qeyd edir ki, qlobal iqtisadiyyat üçün risklər dərinləşib və onların sayı artıb.

İqtisadiyyat üçün əsas risk avrozonada gözlənildiyindən də dərin ola biləcək iqtisadi böhrandır. Böhranı dərinləşdirəcək səbəb kimi agentliyin ekspertləri kreditlərin əlçatanlığının kəskin azalmasını görürlər.

Digər əsas risk inkişaf etməkdə olan bazarların inkişaf sürətinin kəskin aşağı düşməsidir. Qeyd edək ki, bura əsasən Çin, Hindistan və Braziliya daxildir. İqtisadi sabitliyi təhlükə yaradan digər amil geosiyasi amillər nəticəsində dünya bazarına neft nəqli ilə bağlı yarana bilər. Nəhayət, 4-cü risk 2013-cü ildə ABŞ dövlət büdcəsinin gözlənilmədən və kəskin azalmasıdır.

Agentliyin ekspertləri bildirirlər ki, nəticədə bu il iqtisadi artım sürəti əvvəlki illərə nisbətən xeyli aşağı olacaq.

«Moody’s»in qiymətləndirmələrinə görə, G-20 ölkələrində yalnız cüzi iqtisadi artım ola bilər. Belə ki, 2012-ci ildə G-20-də 2,8%, 2013-də 3,4% iqtisadi artım gözlənilir. Xatırladaq ki, 2011-ci ildə bu ölkələrdə artım 3,2%, 2010-da 4,6% olub.

Agentlik ekspertlərinin fikrincə, inkişaf etmiş ölkələrdə iqtisadi artımın zəifləməsinin səbəbi maliyyə konsolidasiyası tədbirləri, istehlak və işgüzar etimadın zəifləməsi, işsizliyin yüksək səviyyədə olması və əmlak bazarındakı problemlərlə bağlıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR