QHT-lərə Dövlət Dəstəyi Şurası üzvlüyünə namizədlərin müəyyənləşməsi üzrə seçkilər davam etdirilir

QHT-lərə Dövlət Dəstəyi Şurası üzvlüyünə namizədlərin müəyyənləşməsi üzrə seçkilər davam etdirilir
# 01 mart 2012 14:27 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurası üzvlüyünə namizədlərin müəyyənləşməsi üçün ixtisaslaşmış QHT qrupları üzrə seçkilər davam etdirilib. APA-nın məlumatına görə, bu gün “Qaçqın, köçkün, əlil və veteranların məsələləri” və “İqtisadi və sosial məsələlər” qrupları üzrə seçkilər keçirilib.

“Qaçqın, köçkün, əlil və veteranların məsələləri” üzrə ixtisaslaşmış təşkilatların seçkisində 33 nümayəndə iştirak edib Bu ixtisaslaşmış QHT qrupu üzrə keçirilən seçkidə ilk üç yeri Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov (25 səs), Azərbaycan Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun prezidenti Sərraf Orucov (16 səs), Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədr müavini Əbülfət Hüseynov (11 səs) qazanıb.
“İqtisadi və sosial məsələlər” üzrə ixtisaslaşmış təşkilatların seçkisində 83 nümayəndə iştirak edib. 11 namizədin iştirakı ilə keçirilən seçkidə isə ilk üç yeri Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi İctimai Birliyinin sədri Rufiz Qonaqov (42 səs), “Mülk” İctimai Assosiasiyasının prezidenti Dilarə Vəliyeva (40 səs), “Gənc mühasiblər” İctimai Birliyinin sədri Solmaz Əliyeva (24 səs) tutub.

Daha çox səs toplayan bu namizədlərin birinin Şura üzvlüyünə təyinatının təsdiqi üçün seçkinin yekunları prezident İlham Əliyevə təqdim olunacaq.

Qeyd edək ki, Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının əsasnaməsinə görə, qurum üzvlüyünə namizədlərin müəyyənləşməsi üçün ixtisaslaşmış 8 QHT - “İnsan hüquqları və demokratiya”, “Ailə, qadın və uşaq məsələləri”, “Qaçqın, köçkün, əlil və veteranların məsələləri”, “İqtisadi və sosial məsələlər”, “Təhsil, elm və mədəniyyət”, “Gənclər və vətənpərvərlik tərbiyəsi”, “Səhiyyə, sağlamlıq və ekologiya” və “Narkomaniyaya, korrupsiyaya, insan alverinə və terrorizmə qarşı mübarizə” qrupları üzrə seçkilər keçirilir. Seçkilərdə ən çox səs toplayan 3 namizəd müəyyənləşərək, onlardan birinin təsdiqi üçün ölkə başçısına təqdim olunur.

Bu seçkilərdə iştirak etmək istəyən 568 təşkilat sənədlərini şuraya təqdim edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR