Azərbaycanda artıq 25 minədək təşkilat işçilərini icbari qaydada bədbəxt hadisələrdən sığortalayıb

Azərbaycanda artıq 25 minədək təşkilat işçilərini icbari qaydada bədbəxt hadisələrdən sığortalayıb
# 12 mart 2012 07:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» növü üzrə işçilərini sığortalayan müəssisə və təşkilatların sayı 25 minə çatıb. Bunu «APA-Economics»ə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Məhərrəm Məhərov bildirib.

M.Məhərovun sözlərinə görə, bu sığorta növü üzrə işçilərini sığortalayan müəssisə və təşkilatların sayı hər gün artır. Xidmət tərəfindən işçilərin sözügedən sığorta növü üzrə sığortalanması ilə bağlı müəssisə və təşkilatlar üçün maarifləndirici görüşlər keçirilir, şirkətlərin rəhbərlərinə sığortanın istehsalatın istənilən sahəsində zəruri olduğu izah edilir.

Lakin bununla yanaşı M.Məhərov bildirib ki, işçilərin icbari qaydada bu sığorta növü üzrə sığortalanması işi bir qədər ləng gedir: «Bunun əsas səbəbi icbari sığortadan imtinaya görə cərimənin məbləğinin az olması ilə bağlıdır. Hazırda müəssisə və təşkilatların öz işçilərini sığortalamaqdan imtina etməsi hallarına görə cərimənin məbləği 1500 manat təşkil edir ki, bu da təşkilat üçün olduqca az görünən məbləğdir. Bu məbləğin həcmi 2-3 dəfə artırılarsa şirkətlər bu işə daha məsuliyyətlə yanaşar».

Qeyd edək ki, «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» qanun 2010-cu il iyul ayının 3-də qüvvəyə minib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR