Azərbaycan Xalq Cəbhəsinin yaradılmasının 23-cü ildönümü ilə bağlı tədbir keçirilib

Azərbaycan Xalq Cəbhəsinin yaradılmasının 23-cü ildönümü ilə bağlı tədbir keçirilib
# 16 iyul 2012 09:59 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Xalq Cəbhəsinin yaradılmasının 23-cü ildönümü ilə bağlı tədbir keçirilib.

APA-nın məlumatına görə, mərasimdən öncə tədbir iştirakçıları Fəxri Xiyabanda Əbülfəz Elçibəyin məzarını ziyarət ediblər.

Daha sonra Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında keçirilən mərasimdə ölkənin siyasi partiyalarının, QHT-lərin, vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər. İlk öncə Azərbaycanın Dövlət Himni səsləndirilib və AXC-nin dünyasını dəyişən üzvlərinin ruhu yad edilib. Tədbirin aparıcısı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini Gözəl Bayramlı təşkilatın tarixi və fəaliyyəti haqda məlumat verib. AXCP sədri Əli Kərimli isə çıxışında təşkilatın yaranmasının əhəmiyyəti haqda danışaraq, ölkənin azadlığı uğrunda yüzlərlə AXC üzvünün şəhid olduğunu deyib. O, təşkilatı millətə xidmət yolunda örnək qurum kimi səciyyələndirib: “Hüquqlarına sahib olmaq istəyənlər yenə də bizim təşkilatı seçirlər”. Ə. Kərimli son illər cəmiyyətdə yenidən siyasi aktivliyin artdığını da diqqətə çatdırıb: “Partiyamızda xüsusi kampaniya olmadan gəncləşmə prosesi gedir, gənclərimizin siyasi mühitdə rolu artır”.

Müsavat Partiyasının başqanı İsa Qəmbər AXC-nin yaradılmasını Azərbaycan tarixində böyük hadisə kimi dəyərləndirib. O, təşkilatın yaranması ilə bağlı xatirələrini də bölüşüb.

Professor Cəmil Həsənli çıxışında təmsil olunduğu Ziyalılar Forumunun salamlarını çatdıraraq, qurumun fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb. O deyib ki, AXC-nin yaranmasında və inkişafında Əbülfəz Elçibəyin iradəsi dayanıb: “Azərbaycan cəmiyyətinin ən cəsarətli nümayəndələri də bu hərəkatda cəmləşmişdi. Tarixə nümunə verən insanlar var idi”.

Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər müxalifət düşərgəsində təmsil olunan qüvvələri 2013-cü ildə keçiriləcək prezident seçkisi öncəsi birliyə də çağırıb.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu AXC-nin yaranmasını siyasi təşkilatlanma baxımından nəaliyyət adlandırıb. Onun sözlərinə görə, AXC klassik müstəqil dövlət uğrunda mübarizə aparan hərəkat olub.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə təşkilatla bağlı fikirlərini söyləməklə yanaşı, siyasi dairələrin müasir siyasi texnologiyalardan bəhrələnməyin vacibliyini vurğulayıb.

Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan tədbirdə iştirak edən partiya sədrlərinə müraciət edərək, onları prezident seçkisində vahid mövqedən çıxış etməyə çağırıb.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib ki, AXC-nin ən böyük rolu Azərbaycanın müstəqilliyinin müəllifi olmasıdır.

Professor Rafiq Əliyev AXC-nin banisi Əbülfəz Elçibəyin fəaliyyəti haqda danışıb. O, siyasi partiyaların münasibətlərinin normallaşmasının əhəmiyyətini da vurğulayıb.

Professor Firudin Cəlilov deyib ki, AXC-nin üzvü olmasa da, milli azadlıq hərəkatında təmsil olunub. F. Cəlilov AXC hakimiyyəti dövründə qazanılan uğurlar haqda da danışıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR