Gürcüstanda azərbaycanlıların problemlərinin həlli üçün işçi qrupu yaradılacaq

Gürcüstanda azərbaycanlıların problemlərinin həlli üçün işçi qrupu yaradılacaq
# 27 sentyabr 2012 22:54 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanın baş naziri Vano Merabişvili sentyabrın 27-də dövlət dəftərxanasında azərbaycanlı nümayəndələrlə görüşüb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, axşam saat 20.00 radələrində baş tutan görüşdə Gürcüstan Energetika və Təbii Ehtiyatlar Nazirinin müavini Hüseyn Yusubov, reinteqrasiya məsələləri üzrə dövlət nazirinin Kvemo-Kartli üzrə müşaviri Savalan Mirzəyev, Gürcüstan parlamentinə deputatlığa namizədlər, o cümlədən Marneuli rayonundan majoritar deputatlığa namizəd Azər Süleymanov, digər azərbaycanlı hökumət işçiləri, ziyalılar, QHT nümayəndələri iştirak ediblər.
Görüşə Kvemo-Kartli bölgə qubernatoru David Kirkitadze də qatılıb.
Tədbirdə baş nazir Vano Merabişvili soydaşlarımızın problemləri ilə maraqlanıb. Görüşdə Kvemo-Kartli bölgəsində yaşayan azərbaycanlıları narahat edən ən aktual məsələlər barədə baş nazirə ətraflı məlumat verilib. Vano Merabişvili əsasən maarifin yaxşılaşdırılması ilə bağlı fikirlər irəli sürüb. Tədbirdə təhsilin inkişaf etdirilməsi, azərbaycanlı tələbələrin gürcü ali məktəblərinə qəbulu zamanı kvotanın artırılması, kənd təsərrüfatı problemlərinin birdəfəlik həll edilməsi və gənc azərbaycanlı kadrların seçkilərdən sonra müxtəlif nazirliklərdə aparıcı vəzifələrə təyin edilməsi məsələləri ciddi şəkildə müzakirə edilib. Kvemo-Kartli bölgəsinin qubernatoru David Kirkitadzenin təklifi ilə Kaxeti bölgəsində yaşayan azərbaycanlıların da sosial həyat tərzinin yaxşılaşdırılması ilə bağlı layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Gürcüstan Energetika və Təbii Ehtiyatlar Nazirinin müavini Hüseyn Yusubov APA-ya açıqlamasında bildirib ki, görüşdə baş nazir azərbaycanlıların problemlərinin həll edilməsi ilə əlaqədar işçi qrupu yaradılması təklifi ilə çıxış edib. “ Görüşdə seçkilər barədə heç bir söhbət olmadı. Yalnız azərbaycanlıların problemləri müzakirə olundu. Ən birinci təhsil və məktəblərin məsələsi ön plana çəkildi. Vurğulandı ki, azərbaycanlı ziyalılar və mütəxəssislərdən, ictimaiyyət nümayəndələrindən ibarət olacaq işçi qrupunun üzvləri problemləri ətraflı öyrənib qrupun əlavə təklifləri ilə bərabər baş nazirə təqdim edəcək və sonra onların qısa müddət ərzində həlli yolları təsdiq olunacaq.”
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR