Azərbaycan neft və qaz hasilatını azaldıb

Azərbaycan neft və qaz hasilatını azaldıb
# 18 sentyabr 2012 11:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda neft-qaz hasilatı 2011-ci ilin analoji dövrünə nisbətən azalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ölkədə 29,4 mln. ton neft və 11,4 mlrd. kubmetr qaz hasil edilib. Bu da 2011-ci ilin yanvar-avqust ayları ilə müqayisədə müvafiq olaraq 7,3% və 34% azdır. Belə ki, 2011-ci ilin ilk səkkiz ayı ərzində ölkədə 31,7 mln. ton neft və 17,2 mlrd. kubmetr qaz hasil edilib.

Qeyd edək ki, növbəti 4 ildə Azərbaycan neft hasilatını tədricən artırmaq niyyətindədir. Belə ki, 2012-ci ildə ölkədə 45 977,1 min ton, 2013-cü ildə 45 896,6 min ton, 2014-cü ildə 49 562,9 min ton, 2015-ci ildə isə 50 956,6 min ton neft hasil olunacağı gözlənilir. Göründüyü kimi, Azərbaycan artıq 4 ildən sonra neft hasilatı üzrə 2010-cu ilin səviyyəsinə çıxacaq.

Qaz proqnozuna gəldikdə isə, 2012-ci ildə ölkədə qaz hasilatının həcmi 28,280 mlrd. kubmetrə, 2013-cü ildə 29,220 mlrd. kubmetrə, 2014-cü ildə 29,540 mlrd. kubmetrə çatacaq, 2015-ci ildə isə 2014-cü ilə nisbətən 0,8% azalaraq 29,310 mlrd. kubmetr təşkil edəcəyi gözlənilir.

Xatırladaq ki, 2011-ci ildə Azərbaycanda 45,4 mln. ton neft və 25,7 mlrd. kubmetr qaz hasil edilib. Bu da 2010-cu illə müqayisədə müvafiq olaraq 10,6% və 2% azdır. Belə ki, 2010-cu ildə ölkədə 50,8 mln. ton neft və 26,2 mlrd. kubmetr qaz hasil edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR