Azərbaycan prezidenti İstanbulda QDİƏT-in təsis olunmasının 20 illiyinə həsr olunmuş yubiley sammitində çıxış edib

Azərbaycan prezidenti İstanbulda QDİƏT-in təsis olunmasının 20 illiyinə həsr olunmuş yubiley sammitində çıxış edib
# 26 iyun 2012 16:41 (UTC +04:00)
APA-nın Türkiyəyə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün İstanbulda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) təsis olunmasının 20 illiyinə həsr olunmuş yubiley sammitində çıxışında bildirib.

Azərbaycan prezidenti deyib ki, QDİƏT-in yaranması tarixi Azərbaycanın müstəqilliyinin elan olunması ilə üst-üstə düşüb. Ötən il də Azərbaycan öz müstəqilliyinin elan olunmasının 20 illiyini qeyd edib: “Azərbaycan müstəqillik qazandığı dövrdən indiyədək regional layihələrdə fəal iştirak edib və Qara Dəniz İqtisadi Əməkdaşlıq təşkilatının işində də çox fəaldır. Bu dövrdə ölkəmiz böyük inkişaf yolu keçib, xüsusilə iqtisadi sahədə köklü islahatlar aparıb. Son illər ərzində ölkəmiz qarşıda duran iqtisadi yenidənqurma və infrastruktur layihələrini uğurla icra edib”.

Azərbaycan dövlət başçısı bildirib ki, son 8 il ərzində ölkədə ümumi daxili məhsul 3 dəfə artıb, yoxsulluq 5 dəfə azalıb, 1 milyondan artıq yeni iş yeri yaradılıb. Dövlət borcu ÜDM-in cəmi 7%-ni təşkil edib. Dünyanı və Avropanı bürümüş iqtisadi böhran Azərbaycana o qədər də böyük təsir göstərməyib. Dünyanın 3 aparıcı reytinq agentliyi son aylar ərzində Azərbaycanın reytinqini artırıblar.

Prezident İlham Əliyev onu da deyib ki, Azərbaycanın irəli sürdüyü təşəbbüslər və konkret layihələr regional əməkdaşlıq məsələlərinə, xüsusilə iqtisadi sahədə böyük dəstək verib: “Azərbaycanın QİƏT-ə üzv olan ölkələrin əksəriyyəti ilə geniş iqtisadi əməkdaşlığı var, bu ölkələrlə ticarət dövriyyəsi artır, eyni zamanda Xəzər dənizi-Qara dəniz-Aralıq dənizi regional əməkdaşlıqda da Azərbaycan çox fəal iştirak edir və bizim irəli sürdüyümüz təşəbbüslər reallığa çevrilir. O cümlədən enerji və nəqliyyat sahələrində icra edilən və ya icrası başa çatmış layihələr demək olar ki, regionun enerji və nəqliyyat xəritəsini dəyişib”.

Azərbaycan prezidenti daha sonra bildirib ki, 2006-cı ildə Bakı-Tiflis-Ceyhan neft kəmərinin, 2007-ci ildə isə Bakı-Tiflis- Ərzurum qaz xəttinin istifadəyə verilməsi bölgədə yeni dəhlizlərin yaranmasına gətirib çıxardı: “Bizim 3 neft kəmərlərimizin 2-si neftimizi Qara dənizə, 1-i isə Aralıq dənizindəki limanlara nəql edir. Eyni zamanda artıq Azərbaycan enerji resurslarının daşınması işində tranzit ölkəyə çevrilib. Beləliklə əməkdaşlıq daha da dərinləşib və Azərbaycan Xəzər dənizi-Qara dəniz-Aralıq dənizi hövzəsindəki ölkələr arasında əməkdaşlıqdan bundan sonra da fəallıq göstərəcək”.

Dövlət başçısı İlham Əliyev “bu ilin sonunda biz növbəti böyük layihənin başa çatmasını gözləyirik”, deyə bildirib: “Bakı-Tbilisi-Qars dəmri yolunun istismara verilməsi nəticəsində biz qədim İpək yolunu bərpa etmiş oluruq. Bu layihə təkcə burda iştirak edən 3 ölkəni deyil, böyük mənada iki qitəni – Avropa və Asiyanı birləşdirir. Biz bu layihəni uğurla başa vururuq. Xatırlayıram 5 il bundan əvvəl QİƏT-in toplantısındakı çıxışımda qeyd etmişdim ki, yaxın vaxtlarda bu dəmir yolunun tikintisinə başlanacaq. Artıq qeyd edə bilərəm ki, bu ilin sonunadək bütün işləri tamamlayacağıq və gələn ildən bu layihə işə düşəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR