“Azərsu” ölkənin ən böyük çörək istehsalçılarından birini cərimələyib

“Azərsu” ölkənin ən böyük çörək istehsalçılarından birini cərimələyib
# 12 oktyabr 2012 13:44 (UTC +04:00)
Bakı – APA-Economics. “Azərsu” ASC içməli suyun dəqiq uçotunun aparılması və sudan qeyri-qanuni istifadə hallarının aradan qaldırılması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bu sahədə nəzarət tədbirlərinin gücləndirilməsinə baxmayaraq, hələ də bəzi abunəçilər tərəfindən içməli sudan sayğacdankənar və müqavilə bağlanmadan istifadə edilməsi halları aşkarlanır.

“Su təchizatı və tullantı suları haqqında” qanunun tələblərini əsas götürməklə “Azərsu” ASC-nin Daxili Nəzarət və Xətai Sukanal departamentləri əməkdaşlarının həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində təkcə oktyabr ayında Xətai rayonu ərazisində 30-a qədər fakt aşkarlanıb. Araşdırmalar zamanı məlum olub ki, rayon ərazisində fəaliyyət göstərən bəzi istehsal və ticarət obyektləri, idman zalları, kafe və restoranlar, avtoyuma, kimyəvi təmizləmə məntəqələrində içməli sudan qeyri-qanuni istifadə edilir. Təəssüf ki, belə hallara kiçik obyektlərlə yanaşı, iri müəssisələrdə də rast gəlinir. Hətta bəzi obyektlərdə içməli sudan qeyri-qanuni istifadə etmək məqsədilə ağlagəlməz üsullardan istifadə olunur. Məsələn, Xətai rayonu M.Rüstəmov küçəsi-22 ünvanında fəaliyyət göstərən “Xətai-3” İstehsalat Kommersiya Mərkəzinə məxsus “Əhmədli-çörək” zavodunda içməli sudan qeyri-qanuni istifadə məqsədilə kanalizasiya quyusundan çəkilmiş əlavə xətt aşkarlanıb. Xətai rayonunun böyük hissəsini və paytaxtın digər yerlərini çörək və şirniyyat məhsulları ilə təmin edən müəssisənin su sərfiyyatının faktiki tələbatdan dəfələrlə az olması “Azərsu” ASC-nin əməkdaşlarında şübhə doğurduğundan, obyektin su təchizatı sisteminə kompleks baxış keçirilib və qanunsuz istifadə faktı aşkarlanıb. Məlum olub ki, obyekt içməli suyu kanalizasiya şəbəkəsinin içi ilə gizli şəkildə çəkilmiş 25 mm diametrli xətt vasitəsilə götürür.

Bununla əlaqədar obyekt sahibinin iştirakı ilə fakt aktlaşdırılıb, “Əhmədli-çörək” zavodunun içməli sudan qeyri-qanuni istifadə edilməsi nəticəsində “Azərsu” ASC-yə dəymiş zərər qiymətləndirilib. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən qanunsuz istifadəyə görə dəymiş ziyanın hesablanmasına dair Təlimata uyğun olaraq 3 illik dəymiş ziyan hesablanıb, “Azərsu” ASC-yə dəymiş ziyan 18 810 manat 20 qəpik qiymətləndirilərək həmin məbləğin 5 iş günü müddətinə ödənilməsi barədə abunəçiyə bildiriş verilib.

“Azərsu” ASC bir daha abunəçilərin diqqətinə çatdırır ki, içməli sudan qeyri-qanuni istifadə yolverilməzdir. Belə halların aşkarlanması üçün nəzarət tədbirləri mütəmadi davam etdiriləcək və qanunsuz hərəkətlərə yol verən abunəçilərin içməli su təchizatı qeyd-şərtsiz dayandırılmaqla cərimələnəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR