Fələstin milli administrasiyası Yasir Ərəfatın meyitinin qalıqlarının eksqumasiyası barədə qərar qəbul edib

Fələstin milli administrasiyası Yasir Ərəfatın meyitinin qalıqlarının eksqumasiyası barədə qərar qəbul edib
# 04 iyul 2012 14:01 (UTC +04:00)
APA-nın məlumatına görə, buna səbəb “Əl-Cəzirə” telekanalında bir neçə aydır davam edən jurnalist araşdırmasıdır. Jurnalistlər Yasir Ərəfatın öldürüldüyünü iddia edirlər. Əsas iddia isə Fələstin Milli Muxtariyyətinin sabiq rəhbərinin polonium radiaktiv maddəsinə təsirinə məruz qalaraq dünyasını dəyişməsidir.

Qeyd edək ki, Ərəfat 2004-cü ilin dekabrında Paris yaxınlığındakı hərbi hospitalda dünyasını dəyişib. O hospitala İordan çayının Qərb sahilindəki iqamətgahından ağır vəziyyətdə gətirilib. Müxtəlif ölkələrdən olan tibbi ekspertlərin apardıqları analizlər qanda heç bir zəhər növü olmadığını ortaya qoyub.

İndi isə “Əl-Cəzirə” jurnalistlərinin təşəbbüsü ilə Lozannadakı nüfuzlu İsveçrə Radiofizika İnstitutunda Ərəfatın ölüm yatağında ikən əynində olan paltarlar tədqiqata cəlb olunub. Tədqiqatlar zamanı Fələstin liderinin paltarlarında, qan və sidik nümunələrində polonium-210 radioaktiv maddəsinin hissəcikləri aşkarlanıb. Yasir Ərəfatın səhhətinin qəfil pisləşməsi onun bu maddənin təsirinə məruz qalması ilə izah olunur. Tibbi ekspertlər bəyan ediblər ki, qəti fikir söyləmək üçün Ərəfatın sümük nümunələrinin analiz olunması lazımdır. Yalnız bundan sonra onun zəhərlənərək öldürüldüyü barədə fikir söyləmək mümkündür.

Fələstin milli administrasiya jurnalist təhqiqatı başa çatdıqdan dərhal sonra bəyan edib ki, öz ilk liderlərinin ölümünün səbəbini araşdırmaq üçün beynəlxalq təhqiqat aparmağa hazırdırlar. Artıq Yasir Ərəfatın həyat yoldaşı Fələstin Milli Administrasiyasına müraciət edərək eksqumasiya keçirilməsinə icazə verilməsini xahiş edib. Eksqumasiyanın nə zaman keçiriləcəyi məlum deyil.

Rusiyalı atom energetikası üzrə ekspertlər isə hesab edir ki, insan zəhərləndikdən 8 il sonra onun meyitinin qalıqlarında polonium-210 izotopunu aşkarlamaq faktiki olaraq mümkün deyil. Onlar qeyd olunan izotopun 138 gün sonra formasını dəyişərək yoxa çıxdığını bildirirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR