Milli Məclis üzvləri sovet dövründən banklarda qalmış əmanətlərin qaytarılması məsələsinə münasibət bildiriblər

Milli Məclis üzvləri sovet dövründən banklarda qalmış əmanətlərin qaytarılması məsələsinə münasibət bildiriblər
# 16 mart 2012 12:58 (UTC +04:00)
Bakı-APA. Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Fazil Mustafa “Azərbaycan Hava Yolları” QSC-nin satış siyasətini sərt tənqid edib. APA-nın məlumatına görə, millət vəkili müxtəlif reyslərə satılan biletlərin qiymətinin heç bir izahat olmadan bahalaşdırıldığını deyib: “Dünən Bakı-Antalya reysini həyata keçirən təyyarəyə biletin qiyməti 300 manat idisə, hazırda bu rəqəm 800 manata qalxıb. Bu artımın səbəbi nədir, görəsən nə dəyişib? Əgər bu bazarda tələbatın artması ilə əlaqədardırsa, o zaman zəhmət çəkib əlavə reyslər açsınlar”.

Millət vəkili keçmiş SSRİ Əmanət Bankının Azərbaycan vətəndaşları olan əmanətçilərinə birdəfəlik ödəmələrin verilməsi haqqında imzalanmış son fərmana da münasibət bildirib: “Sovet dövründən qalmış əmanətlərin yalnız 10 faizinin əhaliyə qaytarılması ədalətli deyil”.

Hökumətin hesabatının müzakirələrində çıxış edən sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev icbari tibbi sığortanın tətbiqi ilə bağlı məsələ qaldırıb. Onun sözlərinə görə, dövlət qurumları tərəfindən yoxlama planlaşdırılan müəssisələrə bir-iki gün əvvəl xəbər verilməsi belə yoxlamaları effektsiz edir.

Millət vəkili Musa Qasımlı isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətini təqdir edib: “Dövlət qurumları bu nazirlikdən nümunə götürməli, qapılarını əhalinin üzünə açmalıdır”. O həmçinin əhali artımı ilə bağlı dövlət proqramının qəbul edilməsi təklifini irəli sürüb. Musa Qasımlının daha bir təklifi suvenir sənayesinin inkişafı ilə bağlı olub? “Suvenirlərin üstündə Bakı, Azərbaycan sözü, qeydi yoxdur. Bir neçə il sonra bu suvenirlərin, xalçaların Azərbaycanda hazırlandığını necə sübut edəcəyik?”

Ədalət Partiyasının sədri İlyas İsmayılov isə sovet dövründən qalmış əmanətlərin qaytarılması prosesində problemlərin yaranacağını deyib: “Əsas problem məcburi köçkünlərə qeyd olunan əmanətlərin qaytarılması zamanı yaranacaq. Onların bank sənədləri işğal edilmiş bölgələrdə qalıb”. Millət vəkili əmanətlərin qaytarılacağı təqdirdə dövriyyədə pul kütləsinin artacağını, bunun isə öz növbəsində inflyasiyanı sürətləndirəcəyini deyib.

Millət vəkili Gülər Əhmədova tikinti sektorunda mövcud problemlərdən danışıb və əhalini kütləvi surətdə aldadılması hallarının müşahidə olunduğunu deyib. O bildirib ki, yeni tikilən binalardan mənzil almaq istəyən alıcılar tikinti şirkətlərdən mənzilin sığortalanmasını tələb etməlidir.

Millət vəkili Əli Məsimli Rusiyada neft-qaz gəlirlərinin 50 faizinin, Azərbaycanda isə 17 faizinin əhalinin əmək haqlarının ödənilməsinə sərf olunduğunu qeyd edib və bunu mənfi hal kimi dəyərləndirib.

Hökumətin təqdim etdiyi hesabat ətrafında müzakirələr fasilədən sonra davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR